AİF: Azərbaycanın əksər internet-provayderləri aldıqları az trafiki daha çox müştərilər arasında bölməyə çalışır

AİF: Azərbaycanın əksər internet-provayderləri aldıqları az trafiki daha çox müştərilər arasında bölməyə çalışır
# 15 oktyabr 2012 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnternet Forumu (AİF) milli internet operatoru olan «Delta Telecom» şirkətinin rəhbərliyinə müraciət edib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, müraciətdə «Delta Telecom» şirkətinin provayderlərə satdığı internet trafikin hər an dəyişilməsini «online» olaraq izləməyə imkan verən xidmətin aktivləşdirilməsi xahiş olunub.

«Ölkədə fəaliyyət göstərə «Backbone» internet provayderi fəaliyyətə başlayandan sonra «Delta Telecom» şirkəti kommersiya məqsədləri baxımından bu xidmətin «online» fəaliyyətini dayandırıb. Eyni zamanda hər bir provayderin ATS-in imkanlarından istifadə etməklə internetə qoşulan müştərilərinin sayının açıqlanması ilə bağlı AİF-in bir müddət əvvəlki müraciəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təmin olunmayıb və keyfiyyətə nəzarətlə bağlı alternativlər təqdim edilməyib», - deyə AİF-dən bildirilib.

AİF-in «Delta Telecom» şirkətinə müraciətində qeyd olunub ki, bütün bunların nəticəsi olaraq son mənzillərə təklif olunan internet xidmətinin keyfiyyəti aşağı düşməkdə davam edir. İctimai nəzarət imkanlarının və dövlət nəzarətinin yetərli olmadığı şəraitdə xidmətin keyfiyyət səviyyəsi daha pis vəziyyətə çatıb. İstifadəçilər müqavilədə nəzərdə tutulan sürəti əldə edə bilmirlər.

Müraciətdə qeyd olunub ki, istifadəçilərin «çəkidə aldadılmasının» bir səbəbi infrastruktur problemləri ilə bağlıdırsa, eyni zamanda və əsasən də provayderlərin məsuliyyətsizliyi ilə bağlıdır. Əksər provayderlər aldıqları az trafiki daha çox müştərilər arasında bölməyə çalışırlar ki, nəticədə də son istifadəçi keyfiyyətsiz internet əldə edir.

AİF-in müraciətində həmçinin qeyd olunub ki, «Delta Telecom» tərəfindən provayderlərə satılan internet trafikin açıqlanması nəinki ictimai nəzarət imkanlarını genişləndirir, həmçinin dövlət qurumlarının da daha effektiv nəzarətinə imkan yaradır.

«Delta Telecom» tərəfindən bu addımın atılması sonda ölkədə internetin keyfiyyətinin yüksəlməsinə, şəffaf internet bazarının formalaşmasına, sərbəst və azad rəqabətin güclənməsinə və provayderlərin məsuliyyətinin artmasına gətirib çıxaracaq», - deyə müraciətdə qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR