Lənkəranda yol qəzasında iki nəfər ağır xəsarət alıb

Lənkəranda yol qəzasında iki nəfər ağır xəsarət alıb
# 15 fevral 2012 17:15 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə fevralın 15-də saat 17.00 radələrində Lənkəran-Lerik şose yolunun 18-ci kilometrliyində-rayonun Rvo kəndi ərazisində qeydə alınıb. Lerik rayonunun Qırqılov kənd sakini, 1962-ci il təvəllüdlü Seyidəmir Nəzərovun idarə etdiyi “Niva” markalı, 42 BM 686 dövlət nömrə nişanlı avtomobil Lerik rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və yolun kənarındakı yaşayış evinin həyətindəki hasara çırpılıb. Nəticədə sürücü və onun oğlu Allahverdi Nəzərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Müstəntiqin sözlərinə görə, hadisənin baş verməsinə sürücünün qarşısına əks tərəfdən digər bir avtomaşının çıxması səbəb olub. Onunla toqquşmamaq üçün S.Nəzərov maşını yolun sol tərəfinə çıxarıb və nəticədə həm özü, həm də oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Müstəntiq həmçinin avtomaşının yüksək sürətlə idarə olunmasının da qəza üçün şərait yaratdığını istisna etməyib.
Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR