Azərbaycanla Polşa kənd təsərrüfatının bəzi sahələrində əməkdaşlıq edəcək

Azərbaycanla Polşa kənd təsərrüfatının bəzi sahələrində əməkdaşlıq edəcək
# 03 noyabr 2014 13:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda səfərdə olan Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitskinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Kənd Təsərrüfatı Nazirliyində azərbaycanlı həmkarı Heydər Əsədovla görüşüb.

Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, H. Əsədov iki ölkə arasında başqa sahələrdə olduğu kimi aqrar sahədə də əməkdaşlığın yüksək səviyyədə olmasının vacibliyini, aqrar sahədə Avropa standartlarına uyğun geniş işlərə başlanıldığını, Polşanın aqrar sahədə əldə etdiyi təcrübədən, o cümlədən hər iki ölkənin idxal-ixrac potensialından istifadə olunmasının vacibliyini qeyd edib.

H. Əsədov bildirib ki, Polşa Avropa İttifaqına üzvlüyü kontekstində kənd təsərrüfatı sahəsində metodologiyaların və ölçülər sisteminin çox yaxşı bazasını yaratmağa müvəffəq olub: “Azərbaycanda bu sahədəki metodologiyaların və ölçülər sisteminin tətbiq olunmasını, müqabil tərəflə bu sahədə mütəmadi təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədəuyğun olardı. Polşa artıq Azərbaycanda süni mayalama sahəsində həyata keçirilmiş layihədə iştirak edib. Hazırda süni mayalama sahəsində ölkədə gedən islahatlar prosesinə Polşa tərəfindən dəstək verilməsi məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsi, bu məsələdə Polşa və Azərbaycan tərəfinin Avropa İttifaqına birgə müraciəti məsələsinə baxılmasını təklif edirəm”, - deyə nazir bildirib.

H. Əsədovun sözlərinə görə, Polşada kartofçuluq yaxşı inkişaf edib. Bunu nəzərə alaraq, Azərbaycanda sertifikatlı kartof toxumçuluğunun inkişaf etdirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsi: iki ölkə arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin, mütəxəssis və təcrübə mübadiləsi asanlaşdırılıb.

“Aqrobiznes investisiyalarının daha da təşviq edilməsi məqsədilə nazirliklərarası elmi-texniki əməkdaşlığa və bitki mühafizəsi sahəsində əməkdaşlığa dair sazişlərin imzalanması, Polşanın Bitkilərin Mühafizəsi və Toxumçuluq üzrə Baş İnspektorluğunun bitkilərin karantin ekspertizası, toksikoloji analizlərin aparılması və genetik modifikasiya olunmuş ərzaq məhsullarının (GMO) təyin edilməsi sahəsində çalışan laboratoriya mütəxəssisləri tərəfindən təlim və seminarların keçirilməsi yolu ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin aidiyyəti laboratoriyaları üçün virusologiya, bakteriologiya, toksikologiya üzrə müvafiq kadrların təkmilləşdirilməsi sahəsində birgə əməkdaşlıq, hər iki ölkənin aidiyyəti qurumları arasında bitki mühafizəsi və karantini sahəsində informasiya-təcrübə, fitosanitar və reeksport fitosanitar sertifikatlarının nümunələrinin mübadiləsinin aparılması, kadr hazırlığı sahəsində əməkdaşlıq, Polşanın ixrac potensialı olan şirkətlər və onların istehsal etdiyi məhsullar barədə məlumatların təqdim olunması sahəsində əməkdaşlıq etmək istərdik”, - deyə H. Əsədov qeyd edib.

M. Savitski Azərbaycanla Polşa arasında aqrar sahədə əməkdaşlığa önəm verdiyini və potensial əməkdaşlıq sahələri, xüsusilə damazlıq, süd istehsalı, heyvanların identifikasiyası, süni mayalanma, ixrac potensialı barədə geniş məlumat verib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR