Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası istifadəyə verilib - FOTOSESSİYA

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 sentyabr 2013 11:42 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, paytaxtın Yasamal və Sabunçu rayonları, İsmayıllı, Göygöl, Qusar, Biləsuvar, Gədəbəy, Zərdab və Samux rayon, həmçinin Zaqatala hərbi prokurorluqlarının yüksək standartlara cavab verən və müasir informasiya kommunikasiya avadanlıqları ilə təchiz olunmuş inzibati binaları inşa edilərək istifadəyə verilməsi, həmçinin çoxsaylı rayon prokurorluqlarının inzibati binalarının əsaslı təmir olunması ölkədə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin məntiqi nəticəsidir.

Diqqətə çatdırılıb ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası Dövlət Proqramının icrası qaydasında, milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində inşa edilib.

Binanın foyesində Heydər Əliyevin büstü qoyulub. 5 və 7 mərtəbəli iki korpusdan, habelə 3 mərtəbəli yardımçı buna və yeraltı qarajdan ibarət binanın inşasına 2010-cu ilin avqust ayında başlanılıb.

Müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı binanın ictimai zonasının girişində vətəndaşların qəbul otağı inşa edilib. Qəbul otağında vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar normativ-hüquqi sənədlərdən çıxarışlar, prokurorluq orqanlarında vətəndaşların qəbuluna dair əmr, habelə prokurorluğun rəhbər heyətinin qəbul günü və saatları olan lövhələr quraşdırılıb.

Məlumat verilib ki, BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binaya əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılıb və təhlükəsizliyin etibarlı təmini məqsədilə müasir tipli təhlükəsizlik kamerası, metal aşkarlayıcısı elektron və çanta yoxlayan rentgen qurğuları, turniketlər quraşdırılıb.

Prezident İlham Əliyev “161-Qaynar xətt” əlaqə mərkəzi və onun fəaliyyəti ilə tanış olub. Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədilə yaradılıb, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti təkmilləşdirilərək, daxil olan zəngləri görmə funksiyasını əks etdirən monitorlar vasitəsilə qəbulu yeni proqram təminatı vasitəsilə həyata keçirilir ki, bu da korrupsiyaya daha çox məruz qalan sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün təhlillər aparmağa imkan yaradır.

Binanın 6-cı mərtəbəsindəki konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırılıb ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda idarə əməkdaşlarına Baş Prokurorluğun iclaslarına, müşavirələrinə birbaşa qoşulmaq və videokonfransların keçirilməsi imkanı vardır. Eyni zamanda yaradılmış şərait müxtəlif treninq, seminar və beynəlxalq tədbirlərin keçirilməsi üçün də məqbuldur.

Dövlət başçısı daha sonra korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədilə elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıqlar, müasir texniki vasitələrlə təchiz olunmuş otaqlarla tanış olub.

Binanın 1-ci mərtəbəsindəki dindirmə otaqlarında zərərçəkmiş, şahid və cinayət prosesinin digər iştirakçılarının iştirakı ilə istintaq hərəkətlərinin keçirilməsi üçün müasir tələblərə cavab verən şərait yaradılıb, otaqlar zəruri avadanlıqlarla, o cümlədən videoçəkiliş və digər texniki vasitələrlə təchiz edilib. Eyni zamanda tanınma istintaq hərəkətinin tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onun tanınmalı şəxs tərəfindən viziual müşahidəsini istisna edən şəraitdə aparılması imkanı yaradılıb.

Prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin kollektivinə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR