İspaniyada icazəsiz aksiyalarla bağlı cərimələr sərtləşdirilir

İspaniyada icazəsiz aksiyalarla bağlı cərimələr sərtləşdirilir
# 30 noyabr 2013 08:11 (UTC +04:00)

Bakı - APA. İspaniya Nazirlər Kabineti icazəsiz aksiyalarla bağlı böyük məbləğdə cərimələr nəzərdə tutan qanun layihəsini qəbul edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “Vətəndaş təhlükəsizliyi haqqında” qanuna əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi parlamentə göndərilib. Layihə yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, İspaniya mətbuatı Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi barədə iki həftə əvvəl məlumat yayıb. Müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarının etirazları fonunda hakim Xalq Partiyası qanun layihəsində bəzi dəyişikliklər edib. Məsələn, qanun layihəsinin ilkin variantında icazəsiz aksiyalarda iştiraka görə 30 min avrodan 600 min avroya qədər cərimə, aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı təhqir və təhdidlə bağlı 1000 avrodan 30 min avroya qədər cərimə nəzərdə tutulmuşdusa, Nazirlər Kabinetində qəbul edilən son layihədə icazəsiz aksiyalara görə cərimənin məbləği minimum 1000, maksimum 30 min avro, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı təhqir və təhdidlə bağlı cərimənin məbləği minimum 100 avro, maksimum 1000 avro müəyyənləşdirilib.

Eyni zamanda Nazirlər Kabineti qanun layihəsinə əlavə edib. Əlavəyə əsasən, İspaniyada aksiyalar zamanı ETA terror təşkilatının üzvlərinin fotoşəkillərinin daşınması, İspaniya bayrağı və kralın fotoşəkillərinin yandırılması, dövlət simvollarına həqarətə görə 30 min avroya qədər cəza tətbiq olunacaq.

Qeyd edək ki, təkcə 2012-ci ildə İspaniyada 42 mindən çox aksiya keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR