Rəbiyyət Aslanova: “Başqasının hüququna müdaxilə edən, ondan istifadə edən insanlar cəzalanmalıdır”

Rəbiyyət Aslanova: “Başqasının hüququna müdaxilə edən, ondan istifadə edən insanlar cəzalanmalıdır”
# 25 dekabr 2013 10:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması hər kəsi narahat edən, maraqlandıran məsələdir”.

APA-nın xəbərinə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib ki, yavaş-yavaş gerçək məkandan virtual məkana keçdikcə, onun sakini olduqca, yeni münasibətlərlə, çətinliklərlə üzləşilir: “Virtual məkan bizim yaşadığımız gerçək məkandan tamamilə fərqlənir. Bu məkanın sərhədləri yoxdur, onun içərisində olan münasibətlər çox çətinliklə tənzimlənir. Ancaq istər-istəməz biz artıq bu məkanın insanlarıyıq. Azərbaycanda təxminən 4 milyona qədər insan bu virtual məkanın sakinidir. Zamanı gələndə, bu məkanı tənzimləyən qanunların sayı getdikcə artacaq. Düzdür, oradakı münasibətləri nizamlamaq üçün kifayət qədər qanun qəbul edilib, amma zamanın öz çağırışı var. Bu məkandakı münasibətlərin tənzimlənməsi də insan hüquqlarının vacib şərtləridir”.

R.Aslanova qeyd edib ki, əqli mülkiyyət olduqca qiymətli, toxunulmaz hüquqdur və başqasının hüququna müdaxilə edən, ondan istifadə edən insanlar cəzalanmalıdır: “Bu gün dünyada ən qiymətli əmtəə ideyadır. Həmin əqli mülkiyyətin ortaya qoyduğu sərvətdir və onun istifadəsində bir pozuntular olarsa, bu xoşagəlməz nəticələr verə bilər. Əqli mülkiyyətdən istifadənin özünün də öz qaydaları var. Əgər əlində həmin əqli mülkiyyət olan çox düşüncəli bir insan cəmiyyətin tərəqqisinə xidmət edəcəksə, iç dünyasında pislik olan bir başqa insanın əlinə keçən o mülkiyyət yalnız və yalnız cəmiyyətdə çaxnaşmaya, təlatümlərə, fəlakətlərə gətirib çıxara bilər. Bu baxımdan həmin mülkiyyətə olan xüsusi münasibət və bu münasibətlərin tənzimlənməsi üçün təkcə milli qanunvericiliyin deyil, beynəlxalq aləmdə əməkdaşlığın olması çox vacibdir. Virtual məkanda da gerçək dünyada yaranan qanunlar kimi qaydaların, qanunların yaranması çox mühümdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR