Azərbaycanın İrandakı səfiri: “Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsidir və biz bununla qürur duyuruq”

Azərbaycanın İrandakı səfiri: “Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsidir və biz bununla qürur duyuruq”
# 24 yanvar 2014 03:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsidir və biz bununla qürur duyuruq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın hər şeydən əvvəl unikal bir məkan olduğunu qeyd etmək lazımdır: “Çünki Şərq və Qərb nöqtələrinin kəsişməsində və iki böyük qitənin, yəni Asiya və Avropanın arasında yerləşir. Eyni zamanda bu məntəqədə dünyanın əsas dinlərinin hamısı mövcuddur. Təsadüfi deyil ki, ölkəmiz müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün müxtəlif beynəlxalq konfransların keçiriləcəyi məkana çevrilib. Belə ki, 2013-cü ilin dekabrında Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan 2015-ci ildə ilk dəfə Avopa Olimpiya Oyunlarına, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar bu gün Azərbaycanın beynəlxalq və regional aləmdə körpü rolunu oynadığını göstərir”.

C.Axundov deyib ki, Azərbaycan xalqı 70 il ərzində kommunist rejiminin və ateizm təbliğatı altında yaşamasına baxmayaraq dini dəyərlərini unutmayıb və onları qoruyub saxlayıb: “Ancaq bununla belə, həmin dövrlərdə dini dəyərlərimizə zərər vurulması bir həqiqətdir. Təsadüfi deyil ki, Sovetlər Birliyi qurulmazdan əvvəl minlərlə məscid, məktəb və s. var idi. Lakin Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkədə ümumilikdə 17 məscid qalmışdı. Digər məscidlər isə kommunist rejimi tərəfindən yerlərdə anbarlara, mağazalara, tövlələrə və başqa obyektlərə çevrilmişdi. Bu dinə qarşı mübarizədə sovet rejiminin vəhşiliyinin səviyyəsini göstərir. Ancaq Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra minlərlə ibadətgah tikilib və ya təmir edilib və dini dəyərlərimiz bərpa olunub. Belə ki, əsrlər boyu xalqımızın ziyarət yerinə çevrilmiş, ancaq sovet rejimi tərəfindən məhv edilmiş Bibiheybət məscidi yenidən dövlət vəsaiti hesabına inşa olunub. Həzrət Hökumə xanım, yeddinci İmam Musa Kazımın (ə) qızı, onun bir oğul və iki qız nəvəsinin məzarı bu yerdədir. Ümumiyyətlə, son 20 il ərzində Azərbaycanda demək olar iki min məscid inşa və ya təmir olunub. Təzəpir məscidi, Əjdərbəy məscidi, Şamaxıdakı Cümə məscidi və digər məscidlər dövlət büdcəsi hesabına əsaslı təmir ediliblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR