Qüdrət Həsənquliyev: “Tomas de Vaalın mövqeyinə erməni diasporu təsir edib”

Qüdrət Həsənquliyev: “Tomas de Vaalın mövqeyinə erməni diasporu təsir edib”
# 29 aprel 2013 13:58 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Tomas de Vaal Dağlıq Qarabağ haqqında bir monoqrafiyanın müəllifidir. O, ilk dəfə olaraq Sarkisyandan müsahibə alıb. Sarkisyan həmin müsahibədə bəyan edir ki, Xocalı soyqırımında fəal iştirak etmişəm. Biz bu soyqırımı törətməklə Dağlıq Qarabağda yaşayan azərbaycanlılara demək istəyirdik ki, siz Dağlıq Qarabağdan getməlisiniz.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri bu gün Tiflisdə işə başlayan NATO-nun 83-cü sessiyasında çıxış edən Azərbaycan Milli Məclisinin üzvü Qüdrət Həsənquliyev NATO-nun Qafqaz üzrə mütəxəssisi, ekspert Tomas de Vaalın çıxışından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun fikrincə, bu fikirlərin müəllifi öz monoqrafiyasını çap etdirəndən sonra, görünür, erməni diasporunun təzyiqinə məruz qalıb: “Bugünkü çıxışında Tomas de Vaal Ermənistanı müstəqil güc kimi təqdim etməyə çalışdı. O, eyni zamanda Azərbaycan və Ermənistana münaqişənin həllinin onların iradəsindən asılı olduğunu bildirdi. Lakin o, Azərbaycanın haqlı mövqeyi barədə bir kəlmə də səsləndirmədi”.

Q.Həsənquliyev məhz bu səbəbdən Tomas de Vaala etiraz etdiyini bildirib: “Ermənistan müstəqil güc deyil, Rusiyanın forpostudur. Rusiya münaqişənin həll olunmamasında maraqlıdır və bölgədə öz mövqeyini böyük təzyiqlər hesabına qoruyub saxlamaq istəyir. Rusiya Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşulması üçün Azərbaycana təzyiqlər təzyiq edir. Tomas de Vaal Rusiyanın regiondakı rolu barədə bir kəlmə də demədi. Mənim çıxışımı İtaliya, Polşa parlamentarları dəstəklədilər, Gürcüstan nümayəndəsi də münaqişələrin həllinin oxşar olduğunu bildirdi. Tomas de Vaal Ermənistanın müstəqil dövlət olmasını onunla əsaslandırır ki, Ermənistan müstəqil olmasaydı, Sarkisyan Saakaşviliyə medal verə bilməzdi. Bu, gülməli yanaşma idi”.

Azərbaycan parlamentinin deputatı hesab edirəm ki, Sarkisyan başqa yol tutarsa, onu da Stepan Dəmirçyanın aqibəti gözləyir: “Tomas de Vaal tədbirdə sualımı cavablandırarkən Rusiyanın Azərbaycana 300 raket satdığını dedi. Lakin o demədi ki, Rusiya Ermənistana əvəzsiz olaraq milyardlarla dollar həcmində silah satıb, amma bizə hərbi təyyarələr satmaqdan imtina edib”.

Q.Həsənquliyev Avropa Birliyinin münaqişənin həllinə cəlb edilməsində heç bir müsbət şey görmədiyini bildirib: “Dünyanın siyasətini tənzimləyən ABŞ-dır. Təəssüf ki, həm ABŞ-da, həm də Fransada güclü erməni diasporu var. Tomas de Vaalın da mövqeyi bu diasporun təbliğatının nəticəsidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR