Azay Quliyev: “Avropa Oyunlarından faydalanaraq Qarabağ problemini çox incə şəkildə qonaqların diqqətinə çatdırmalıyıq”

Azay Quliyev: “Avropa Oyunlarından faydalanaraq Qarabağ problemini çox incə şəkildə qonaqların diqqətinə çatdırmalıyıq”
# 09 iyun 2015 10:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Birinci Avropa Oyunların ilə əlaqədar Bakıya yüzlərlə, minlərlə xarici vətəndaş, turistlər gəlir. Bizim əsas məqsədimiz ilk növbədə bu tədbiri yüksək səviyyədə keçirmək, Avropa Oyunlarının standartlarını təqdim etməkdir. Əlbəttə ki, belə bir imkandan faydalanaraq Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ problemini, Azərbaycan ərazilərinin işğal edilməsi haqqında məlumatları gələn qonaqlara çatdırmaq lazımdır. Lakin bunu elə bir formada etməliyik bu, ünvana doğru şəkildə çatdırıla bilsin. Elə olmasın ki, xarici qonaqlar düşünsünlər ki, bu tədbiri keçirməkdə əsas məqsədimiz təbliğatla məşğul olmaqdır. Biz bunu çox incə, beynəlxalq aləmdə qəbul ediləcək formada etməliyik”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

A. Quliyev Dağlıq Qarabağ münaqişəsi haqqında bukletlər, müxtəlif materiallar, stendlər hazırlandığını söyləyib: “Orada Azərbaycanın işğal olunmuş əraziləri haqqında müfəssəl məlumatlar veriləcək. Biz əlbəttə ki, şiddətin, həyəcanlandırıcı fotoların yayılmasının tərəfdarı deyilik. Çünki avropalılar özləri bunu yaxşı qəbul etmirlər. Amma Ermənistanın işğalçılıq siyasətini, onun mahiyyətini olduğu kimi təqdim etsək, bu gün Ermənistanın həyata keçirdiyi təcavüzkarlığı ifşa edə bilsək, avropalılar bunu doğru-dürüst qəbul edəcəklər”.

A. Quliyevin sözlərinə görə, azərbaycanlı jurnalistlər mümkün qədər əcnəbi həmkarları ilə təmasda olmağa, əməkdaşlıq etməyə, onları Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışmalıdır: “Çünki onlar hazırladıqları bir çox reportajlarda, yazılarda informasiyasızlıqdan yanlış məlumatlar verirlər. Bunun bir səbəbi qərəzdirsə, digər səbəbi məlumatın kifayət qədər olmamasıdır. Azərbaycan jurnalistləri, qeyri-hökumət təşkilatları, müvafiq qurumların bu işdə lazımi fəallıq nümayiş etdirməməsidir. Ona görə də Avropa Oyunları bizim üçün bir imkandır və bundan maksimum faydalanmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR