Nazir: “Azərbaycanda ayrıca işsizlik sığortası sisteminin qurulmasına ehtiyac var”

Nazir: “Azərbaycanda ayrıca işsizlik sığortası sisteminin qurulmasına ehtiyac var”
# 14 iyul 2015 09:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Son 6 ay ərzində məşğulluq xidməti orqanlarına müraciət edən 27,7 min nəfərdən 13,7 min nəfəri münasib işlə təmin olunub”.

APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

Nazir hesabat dövründə 2 120 nəfərə işsiz statusu verildiyini, 2 320 nəfərə işsizlik müavinəti təyin edildiyini, 1 800 nəfərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunduğunu bildirib. Bundan başqa nazir “Əmək Birjaları” tərəfindən 1 480 nəfərin, respublikanın 11 şəhər və rayonunda təşkil olunan əmək yarmarkalarında isə 650 nəfərin işlə təmin edildiyini əlavə edib.

“Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5%-dir. Bununla belə, gənclərin məşğulluğunun artırılması üzrə xüsusi layihələrin hazırlanması, eləcə də onlara əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılması üçün aktiv məşğulluq tədbirlərinin artırılması zəruridir. Ölkəmizdə ayrıca işsizlik sığortası sisteminin qurulmasına olan ehtiyacı diqqətinizə məruzə edir və bu barədə müvafiq tapşırıqlar verməyinizi xahiş edirəm”, - deyə S.Müslümov qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycanda qurulan əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaradıb: “2015-ci ilin 1 iyul tarixinə həmin sistemə 55 min işəgötürən tərəfindən 1 milyon 262 min aktiv işçi üzrə 2 milyon 360 min əmək müqaviləsi bildirişi daxil edilib”.

Xarici vətəndaşlara iş icazəsinin verilməsi məsələsinə toxunan S. Müslümov cari ilin 6 ayı ərzində nazirliyə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən 9 357 müraciətin daxil olduğunu bildirib və əlavə edib ki, bu ötən ilin ilk 6 ayına nisbətən 11,8% çoxdur.

“Təəssüf ki, bu müraciətlərin yalnız 7%-ə yaxını yüksək ixtisaslı mütəxəssislərə aid olub. Yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının isə sərtləşdirilməsi barədə təkliflər hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq”, - deyə nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR