Qənirə Paşayevanın müəllifi olduğu “Uzaqdakı ən yaxın Pakistan” adlı kitabın təqdimatı olub

Qənirə Paşayevanın müəllifi olduğu “Uzaqdakı ən yaxın Pakistan” adlı kitabın təqdimatı olub
# 04 aprel 2015 13:13 (UTC +04:00)

Bakı – APA. Pakistanın Milli Günü münasibəti ilə düzənlənən təntənəli mərasimdə Millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu, ilk nüsxəsi bu ilin mart ayında Pakistan prezidentinə təqdim edilmiş kitabın təqdimatı gerçəkləşib.

APA-nın məlumatına görə, Pakistanın milli istiqlala qovuşmasının 67-ci ildönümü münasibəti ilə düzənlənən mərasimdə Pakistanın Azərbaycan və Gürcüstandakı səfiri Xalid Usman Qayser bu mərasimdə “Uzaqdakı ən yaxın Pakistan” kitabının təqdimat və imzalanma mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq ölkəsi adından millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Q. Paşayevaya təşəkkürünü bildirib.

Səfir vurğulayıb ki, Q. Paşayevanın yazdığı kitabı yüksək dəyərləndirir və oxucular üçün diqqətçəkici olacağını düşünür. O, nəfis tərtibatla işq üzü görən kitabı Pakistana məhəbbətin ifadəsi, Azərbaycan-Pakistan strateji münasibətlərinə sanballı töhfə kimi qiymətləndirib.

Q. Paşayeva isə səfirə öz təşəkkürünü bildirərək, bu yaxınlarda respublikamızda səfərdə olan Pakistan prezidenti ilə Azərbaycan prezidentinin yüksək səviyyədə keçirilən görüş və müzakirələrindən söz açaraq, bunun qardaş ölkələrimiz arasında işbirliyinin daha da inkişafına böyük təkan verəcəyinə inandığını deyib. Pakistana səfəri zamanı onu qəbul edərək geniş zaman ayıran və Pakistanla bağlı yazdığı kitab üçün dəstəyini əsirgəməyən Pakistan prezidenti Məmnun Hüseynin timsalında bütün Pakistan xalqına, qardaş ölkənin Azərbaycandakı səfirliyinə və eləcə də ölkəmizin Pakistandakı səfirliyinə təşəkkürünü bildirən Q. Paşayeva “Uzaqdakı ən yaxın – Pakistan” adının özlüyündə kitabın içini, mətn-mündəricəsini də ehtiva etdiyini bildirib.

Xanım millət vəkili bildirib ki, daha çox gənc nəslin qardaş Pakistanı daha yaxından tanımasına hesablanmış kitab Azərbaycan-Pakistan münasibətlərinə kiçik də olsa bir tövhə verərsə, bundan çox məmnun olar: “Pakistan hər zaman ürəyimdə olan çox doğma bir ölkədir və bundan sonra da öz fəaliyyətimdə bu qardaş ölkə ilə münasibətlər özəl yer tutacaq. Biz YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən humanitar layihələri qeyd etməklə, bu önəmli layihələrin dostluq-qardaşlıq ənənələrimizin gəlişməsindəki rolunu səmimiyyət və qədirbilənliklə xatırlatmalıyıq. Biz Pakistanın ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması, parlament səviyyəsində Xocalı soyqırımını tanıması kimi köklü faktları yüksək qürur hissi ilə bir daha qeyd edir, qardaş Pakistan xalqına, Pakistan dövlətinə təşəkkürümüzü çatdırırıq. Bu rəmzi və fəlsəfi olaraq da, birbaşa və gerçək anlamda da bizim kitabın adının, yazılmasının mahiyyətini ifadə etməkdədir”.

Millət vəkili kitabın bütün tirajının Azərbaycan kitabxanalarına, universitet və KİV-lərə, aparıcı QHT-lərə hədiyyə ediləcəyini, eyni zamanda Azərbaycan-Pakistan münasibətlərini araşdıran mütəxəssislərə, araşdırmaçılara paylanacağını da diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR