Azərbaycanda dövlət qulluğu haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb

Azərbaycanda dövlət qulluğu haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb
# 07 fevral 2013 13:16 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda dövlət qulluğu haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb. Bunu APA-ya Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib. Onun sözlərinə görə, təkliflər mart ayına qədər Milli Məclisə təqdim ediləcək. Təkliflərdə dövlət qulluğuna qəbulun daha operativ həyata keçirilməsi, vakant vəzifələrin dövlət orqanlarından Komissiyaya müddətli qaydada təqdim edilməsinin məcburiliyi, “Etik davranış qaydaları” haqqında qanunda şikayətlərin araşdırılması mexanizmlərinin təkmilləşdirilməsi əks olunacaq.

V. Əsgərov deyib ki, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin struktur layihəsi artıq yekunlaşıb: “Nəzərdə tutulub ki, bu il məcəllənin layihəsi yekunlaşsın. Bundan sonra Məcəllənin ekspertizası keçiriləcək və müvafiq dövlət qurumlarının rəyi alınacaq. Daha sonra Məcəllə Nazirlər Kabinetinə təqdim olunacaq”.

Azərbaycanda dövlət qulluğunu tənzimləyən 12 qanun var. Bununla yanaşı, ölkə başçısının bu sahədə fərmanları və Nazirlər Kabinetinin qərarları da Məcəlləyə daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR