AMEA Geologiya İnstitutu: Lökbatanda yerləşən palçıq vulkanlarının aktivliyi BTC kəmərinə təsir göstərə bilər

AMEA Geologiya İnstitutu: Lökbatanda yerləşən palçıq vulkanlarının aktivliyi BTC kəmərinə təsir göstərə bilər
# 27 fevral 2013 07:51 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Lökbatanda yerləşən palçıq vulkanlarının aktivliyi Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinə təsir göstərə bilər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin böyük elmi işçisi Rafiq Səfərov bildirib.

Onun sözlərinə görə, artıq bir neçə ildir kəmərin seysmik təhlükəsizliyinin geniş monitorinqi aparılır: “Azərbaycan ərazisi, ümumiyyətlə, aktiv seysmik ərazidir. Kəmərin hansı qırılmalarla kəsişdiyi və seysmik aktivliyin boruya harada daha yaxın olduğu aydınlaşıb. Bu nəticələr ilbəil təqdim olunur. Boru üzrə ən aktiv zona palçıq vulkanları olan ərazidir. Lökbatanda palçıq vulkanları daha aktivdirlər və onlar boruya daha çox yaxındırlar. Onların aktivliyi boruya daha çox təsir göstərə bilər”.

F.Səfərov qeyd edib ki, eyni zamanda zəlzələlər də boruya öz təsirini göstərə bilər. Ona görə kəmər boyunca bir neçə mərhələdə araşdırma işləri aparılıb: “Azərbaycan ərazisində aktiv seymik zonalardan Şamaxı-İsmayıllı, Gəncə boruya yaxın zonalar sayılır. Bu ərazilərin boruya təsiri daim öyrənilir. Bunun üçün daimi monitorinqlər aparılmalıdır”.

Qeyd edək ki, BTC kəmərinin seymik təhlükəsizliyinin monitorinqi Geologiya İnstitutu tərəfindən bir neçə ildir ki, aparılır. Kəmərin seysmik təhlükəsizliyinin növbəti il üçün monitorinq layihəsi hazırlanaraq BP şirkətinə təqdim olunub. Sənəd hazırda danışıqlar mərhələsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR