Marneuli rayonundakı Görarxı kəndində yeni körpü istifadəyə verilib

Marneuli rayonundakı Görarxı kəndində yeni körpü istifadəyə verilib
# 11 mart 2013 20:48 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Marneuli rayonundakı Görarxı (Alget) kəndində 32 metr uzunluqda yeni körpü və 800 metrlik yeni yol istifadəyə verilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə. yeni körpü və yol Akkord sənaye tikinti korporasiyasının dəstəyi ilə tikilib. Açılışda ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Gürcüstanın təbii sərvətlər və energetika naziri Kaxa Kaladze, Akkord sənaye tikinti korporasiyasının baş direktoru Xaqani Quluzadə, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan parlamentinin deputatı Tinatin Xidaşeli və başqa rəsmi şəxslər iştirak edib.

Tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev martın 11-də azərbaycanlıların kompakt yaşadığı bölgələrdə bir sıra vacib obyektlərin, eyni zamanda kəndlərdə yeni körpülərin və qaz çəkilişinin, yanacaq doldurma məntəqələrin açılışının həyata keçirildiyini bildirib: “Bu gün Borçalının bir çox kəndlərində olduq və bu il də azərbaycanlıların kompakt yaşadığı bölgələrdə qazlaşdırma davam edəcək və biz bütün kəndlərə qaz çəkəcəyik”.

Martın 11-də Rövnəq Abdullayev Marneulidə 5 min ton tutumlu soyuducu kameraların tikintisinin təməlqoyma mərasimində də iştirak edib. Mərasimdə Gürcüstanın kənd təsərrüfatı naziri David Kirvaladze, təbii sərvətlər və energetika naziri Kaxa Kaladze, Akkord sənaye tikinti korporasiyasının baş direktoru Xaqani Quluzadə təməlqoyma mərasimini həyata keçiriblər. Qeyd edək ki, 21.000 kv.m sahəni əhatə edəcək soyuducu kameralarda bölgə sakinlərinin kənd təsərrüfatı sahəsində becərdiyi meyvə və tərəvəz məhsullarının keyfiyyətlə saxlanılması üçün istənilən şərait yaradılacaq. ARDNŞ prezidenti tikilinin bu ilin sentyabrında Akkord sənaye tikinti korporasiyasının dəstəyi tikilərək istifadəyə veriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR