“Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərinin məhkəməsi başlayıb

“Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərinin məhkəməsi başlayıb
# 04 aprel 2013 14:51 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hakim Yaşar Həşimovun rəhbərliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Ş.Cəfəri dövlət tərəfindən ona ayrılan vəkil Yusif Hüseynovdan imtina etdiyini və yeni vəkil tutacağını bildirib.

Müdafiə tərəfi məhkəmədə Ş. Cəfərinin Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv olunması barədə vəsatət qaldırılıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə məhkəmənin baxış iclası aprelin 11-nə təyin olunub.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri olan cinayət işinin istintaqı aparılıb. İstintaqla müəyyən edilib ki, qəzetin təsisçisi Şirin Cəfəri vergi ödəyicisi kimi qəzetin nəşri və satışını həyata keçirərkən vergi qanunvericiliyinin tələblərinə əsasən vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etməli və vergi öhdəliklərini yerinə yetirməli olduğu halda, həmin tələbləri pozaraq 2009-2011-ci illər üçün sadələşdirilmiş vergi 3.316 manat olduğu halda, həmin dövr üçün vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə yalan məlumatlar daxil edərək sadələşdirilmiş vergini 82 manat, yəni 3.234 manat az göstərib. Bundan başqa 2009-cu ildə gəlir vergisi 25 min 900 manat, 2010-cu ildə isə 42 min 344 manat olmaqla, cəmi 68 min 244 manat olmasına baxmayaraq həmin illərdə gəlir vergisi ilə bağlı vergi orqanlarına bəyannamə təqdim etməmiş və beləliklə ümumilikdə 71 min 478 manat məbləğində külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Şirin Cəfəri Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR