Azərbaycanda sahibkarlar üçün distant təlimlərin keçirilməsinə başlanıb

Azərbaycanda sahibkarlar üçün distant təlimlərin keçirilməsinə başlanıb
# 09 aprel 2012 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə distant təlimlərin keçirilməsinə başlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ilk belə distant təlim «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» mövzusunda keçirilib. İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları tərəfindən aparılan treninqdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox sahibkar və menecer iştirak edib.

Təlimdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramının («GSP+») əsas xüsusiyyətləri, onun biznes üçün potensial faydası barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.az saytının elanlar bölməsində yerləşdirilir. Sahibkarlar və menecerlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR