Bank Of Baku

“Dnestryanı və Qarabağ münaqişələrinin həlli yolları” mövzusunda videokörpü keçirilib

“Dnestryanı və Qarabağ münaqişələrinin həlli yolları” mövzusunda videokörpü keçirilib
# 10 sentyabr 2008 12:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan, Rusiya və Moldova politoloqları “Dnestryanı və Qarabağ münaqişələrinin həlli yolları” mövzusunda videokörpüdə bir araya gəliblər. APA-nın məlumatına görə, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, Rusiyanın Gürcüstandakı münaqişələrlə Moldova və Azərbaycandakı münaqişələrin həllinə baxışı köklü surətdə fərqli olub: “Rusiyanın fəaliyyət planı var və Gürcüstanda baş vermiş hadisələr həmin planın birinci hissəsidir. Dnestryanı münaqişənin həlli üçün hazırlanmış və Rusiya ilə Moldova prezidentləri tərəfindən razılaşdırılmış Kozak planı mövcuddur”. Politoloq Dağlıq Qarabağ münaqişəsinin həllində də canlanmanın baş verdiyi deyib. Bunu o, ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin Bakıya səfərindən dərhal sonra Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsi, üç gündən sonra isə Azərbaycan xarici işlər nazirinin Moskvaya səfər etməsi ilə əlaqələndirib. M. Əhmədoğlunun sözlərinə görə, Rusiya münaqişələrin nizamlanmasının 2-ci və 3-cü mərhələsinə başlayıb.

Moldovalı politoloq Tudor Soroçanu isə hesab edir ki, postsovet məkanındakı münaqişələr arasında paralellər aparmaq olmaz, onları birləşdirən cəhət yalnız ondan ibarətdir ki, bu problemlər SSRİ dağılarkən yaranıb. Politoloqun fikrincə, Gürcüstanda baş verən hadisələr dünya ictimaiyyətini bu münaqişələrin həlli ilə ciddi məşğul olmağa sövq edib.

Rusiyalı politoloq Aleksey Vlasov bəyan edib ki, 17 il ərzində postsovet məkanında 4 münaqişə barədə danışılırdısa, indi onların sayı 2-yə enib. Dnestryanı münaqişənin həllində nikbinlik üçün səbəb görən A. Vlasov Dağlıq Qarabağla bağlı bu sözləri deyə bilməyəcəyini söyləyib: “1994-cü ildən bəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan planların heç biri tərəfləri qane etməyib. Nizamlanma planı yalnız Ermənistan və Azərbaycanı yox, danışıqlar prosesinin bütün tərəflərini, həm də vasitəçiləri qane etməlidir”. Bununla belə, politoloq hesab edir ki, Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğal edilmiş ərazilərin geri qaytarılması nizamlanmanın başlanğıcı ola bilərdi.

Sosial Araşdırmalar Fondunun prezidenti Raşad Rzaquliyev isə bildirib ki, Cənubi Qafqaz Rusiya, Türkiyə, İran, Avropa Birliyi və ABŞ üçün böyük problemdir və Dağlıq Qarabağ münaqişəsinin həllində dünya birliyi tez və ya gec konsensusa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR