Bank Of Baku

ASDP Mərkəzi Nəzarət Komissiyasının üzvü partiyanın lideri Araz Əlizadəni ittiham edib

ASDP Mərkəzi Nəzarət Komissiyasının üzvü partiyanın lideri Araz Əlizadəni ittiham edib
# 25 sentyabr 2008 14:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan Sosial Demokrat Partiyasında Nizamnamə işləmir. Partiyanın həmsədri Araz Əlizadə, müavinləri Xanhüseyn Əliyev və Rəna Cavadova qurumda diktatura yaradıblar”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) Mərkəzi Nəzarət Komissiyasının (MNK) üzvü İmran Ələkbərzadə deyib. O bildirib ki, partiyanın göstərilən sayda - 33 min üzvü yoxdur və üzvlərin şəxsi işləri MNK-dan gizlədilir. İ. Ələkbərzadə partiyanın sentyabrın 27-də keçiriləcək qurultayının A. Əlizadənin ssenarisi ilə gerçəkləşəcəyini vurğulayıb: “Partiyanın cəmi iki rayon təşkilatının hesabat-seçki konfransı keçirilib. Nəsimi rayon təşkilatının sədr müavini qeyri-qanuni şəkildə Yasamal rayon təşkilatına sədr təyin olunub. Yasamal rayon təşkilatının fəallarının xəbəri olmadan konfrans keçirilib. Artıq qurultayda kimin hansı posta seçiləcəyi barədə də qərar verilib və qeyri-rəsmi şəkildə siyahı Araz Əlizadə tərəfindən təsdiqlənib”.

ASDP sözçüsü Yaşar Əsədov isə partiyada heç bir Nizamnamə pozuntusu baş vermədiyini bildirib: “Partiyanın həmsədri Araz Əlizadə bir ay öncə mətbuata açıqlamasında deyib ki, Ayaz Mütəllibov ASDP-yə gələndə onunla birgə Vətəndaş Birliyi Partiyasında olanların böyük hissəsi bizim təşkilata keçib və bundan sonra qurum üzvlərinin sayı 30 minə çatıb. Ancaq Ayaz Mütəllibovun Azərbaycana qayıdışının gecikdiyini görənlər yavaş-yavaş partiyadan uzaqlaşdılar. Bunu Araz Əlizadə özü bəyan edib. O ki qaldı diktaturaya, İmran Ələkbərzadə bəlkə də bu sözün mənasını bilmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR