Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev: “Biz islahatları kiminsə xoşuna gəlmək üçün aparmırıq”

Azərbaycan prezidenti İlham Əliyev: “Biz islahatları kiminsə xoşuna gəlmək üçün aparmırıq”
# 08 oktyabr 2008 13:50 (UTC +04:00)
Nəqliyyat sektorunun inkişafı üçün də Azərbaycanda çox böyük işlər görülür, hava nəqliyyatının inkişafını göstərmək üçün son illər ərzində təkcə ölkədə yeni aeroportların istifadəyə verildiyini sadalamaq kifayətdir”. APA-nın cənub bürosunun məlumatına görə, bunu cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Hava Limanının açılışı zamanı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

1999-cu ildə uzun fasilədən sonra Bakı beynəlxalq aeroportunun yenidən qurulduğunu diqqətə çatdıran dövlət başçısı 2004-cü ildə Naxçıvan, 2006-cı ildə Gəncə beynəlxalq aeroportlarının istifadəyə verildiyini, bu il isə Zaqatala və Lənkəranda yeni hava limanlarının işə düşdüyünü bildirib. Lənkəran aeroportunun bütün müasir standartlara cavab verdiyini və cənub zonasının inkişafına böyük təkan verəcəyini deyən prezident burada beynəlxalq uçuşların həyata keçiriləcəyini, bu cür nəhəng obyektin fəaliyyətə başlamasının ümumilikdə ölkənin həyatında önəmli hadisə olduğunu vurğulayıb.

“Biz təkcə aeroportların tikintisi ilə işimizi məhdudlaşdırmırıq” deyən prezident İ. Əliyev müasir tipli “Boing”, “Airbus” və “ATR” tipli təyyarələrin alındığını, onlardan 12-nin artıq uçuşlara cəlb olunduğunu, yaxın vaxtlarda isə daha 8 təyyarənin Azərbaycana gətiriləcəyini, bununla da “Azərbaycan Hava Yolları” şirkətinin parkının 20 müasir tipli təyyarədən ibarət olacağını söyləyib: “Bizim istəyimiz odur ki, Azərbaycan şirkətləri təkcə ölkə daxilində deyil, dünya miqyasında da özlərinə layiqli yer tutsunlar, həm ölkə daxilində, həm də xaricdə sərmayələr qoysunlar, aktivlər alsınlar və beləliklə, dünya miqyaslı şirkətlərə çevrilsinlər”.

Hazırda digər ölkələrə də investisiya qoyduğunu önə çəkən dövlət başçısı ilk növbədə sərmayələrin Azərbaycana qoyulduğunu və bu il təkcə dövlət xətti ilə ölkəyə sərmayə qoyuluşunun 5 milyard ABŞ dollarından çox olduğunu bildirib. Ölkədə nəqliyyat sektorunun inkişafı məqsədilə nəhəng layihələrin həyata keçirildiyini söyləyən prezident Xəzər Dəniz Gəmiçiliyi üçün yeni tankerlərin alındığını, dəmir yollarının bərpa edildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə start verildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu əzəmətli marşrutun istismara verilməsi ilə həm Azərbaycanın böyük iqtisadi maraqları təmin olunacaq, həm də Asiyanın Avropa ilə birləşməsi sayəsində ölkənin nəqliyyat imkanları daha da artacaq, siyasi maraqlarımız tam təmin olunacaq.

Dövlət başçısı Azərbaycanı nəqliyyat və enerji dəhlizi üçün əvəzolunmaz ölkə adlandırıb: “Biz buna məqsədyönlü və praktiki işimizlə nail olmuşuq. Ölkədə avtomobil yollarının bərpası sürətlə gedir. Azərbaycan paytaxtını bütün sərhədlərlə birləşdirən avtomobil yolları, o cümlədən Bakı-Astara avtomobil yolu tikilir. Bu yolun bir hissəsi artıq hazırdır, yolun qalan hissəsinin tikintisi növbəti iki il ərzində tam başa çatdırılacaq. Bir sözlə, həyata keçirilən bütün layihələr, o cümlədən nəqliyyat layihələri dünya standartları səviyyəsində icra olunur. Bütün görülən tədbirlər bir məqsəd üçündür: Azərbaycanda müasir standartlara uyğun nəqliyyat infrastrukturu yaradılsın. Bu isə ilk növbədə, Azərbaycanın iqtisadi inkişafını genişləndirəcək, regionların inkişafına güclü təkan verəcək, insanların daha da firavan yaşamasına xidmət edəcək”.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına toxunan prezident son beş ildə ölkə iqtisadiyyatının 2,7 dəfə artdığını, dünyada bunun analoqu olmayan göstərici olduğunu vurğulayıb: “Dövlət Proqramının uğurlu icrası həm bölgələrdə böyük canlanma yaradıb, həm də qeyri-neft sektorunun inkişafına güclü təkan verib. Rayonlarda gedən quruculuq işləri, açılan müəssisələr, tikilən məktəblər, tibb ocaqları, infrastruktur layihələri, yeni iş yerləri - bütün bunlar ölkənin qüdrətini artırır. Biz islahatları sadəcə islahat naminə, yaxud da kiminsə xoşuna gəlmək üçün aparmırıq. Bizim bütün islahatlarımız konkret məna daşıyır, bu islahatların məqsədi Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasından, iqtisadi potensialın möhkəmləndirilməsindən, dövlətimizin bölgədə və dünyada rolunun artırılmasından ibarətdir”.

“Ulu öndər Heydər Əliyevin başladığı neft strategiyasını bu gün uğurla icra edirik” deyən prezident Azərbaycanın heç kimdən asılı olmadığını, ölkənin gələcək inkişaf strategiyasının daxili resurslar əsasında formalaşdığını, aparılan iqtisadi islahatların davamlı olacağını bildirib: “Azərbaycanın bütün nailiyyətlərini neftlə bağlamaq tamamilə yanlış yanaşmadır. Əslində isə bizim uğurlarımızın təməlində çox ciddi iqtisadi islahatlar dayanır”. Dövlət başçısı növbəti illərdə də Azərbaycanın uğurlu inkişaf yolu ilə addımlayacağına əminliyini ifadə edib.

Lənkəranda daha bir neçə obyektin açılışında iştirak edən prezidentin cənub bölgəsinə səfəri başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR