Bank Of Baku

Azərbaycan siyasətçilərinin ACP-nin İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməsinə münasibəti - SORĞU

Azərbaycan siyasətçilərinin ACP-nin İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməsinə münasibəti - <font color=red>SORĞU</font>
# 09 oktyabr 2008 15:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Vaxtilə biz iqtidarla normal münasibətlərin tərəfdarı kimi çıxış edəndə hazırda Açıq Cəmiyyət Partiyasında təmsil olunan şəxslər bizi xəyanətdə ittiham edirdilər. Amma indi onlar birbaşa olaraq hakimiyyəti dəstəkləmək qərarı veriblərsə, bunun adı nədir, bilmirəm”. Bu sözləri APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Açıq Cəmiyyət Partiyasının (ACP) prezident seçkilərində İlham Əliyevi dəstəkləməklə bağlı qərarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkədə normal iqtidar-müxalifət münasibətlərinin olması vacibdir: “Bu istiqamətdə partiyalar ilk addımı qarşı tərəfin atmasını gözləməməli, özləri müəyyən addımlar atmalıdırlar. Vaxtilə biz belə təkliflə çıxış edirdik. Bununla belə, bu gün də müxalifət mövqeyində qalmışıq, o zaman bizi ittiham edənlərin çoxu isə artıq birbaşa olaraq iqtidarı dəstəkləyir. ACP-nin atdığı addım bizim bir neçə il əvvəl səsləndirdiyimiz fikirlərin doğru olduğunu bir daha təsdiq etdi”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, ACP deyəndə onlar bu partiyanın lideri Rəsul Quliyevi nəzərdə tuturlar: “Rəsul Quliyev isə hakimiyyəti dəstəkləmədiyini bəyan edib. ACP-nin özündə də hakimiyyəti dəstəkləməyin əleyhinə olan qüvvələr var. Düşünürəm ki, partiya strukturlarının əksəriyyəti Rəsul Quliyevin mövqeyini dəstəkləyəcək. Hesab etmirəm ki, ACP-də olan ayrı-ayrı şəxslərin mövqeyi hətta İdarə Heyətində üstünlük təşkil etsə belə, Rəsul Quliyevin mövqeyini üstələyə bilər. Onun mövqeyi ACP strukturlarında və Azərbaycan cəmiyyətində ayrı-ayrı şəxslərin mövqeyindən daha önəmlidir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ACP-nin bu addımını gözlənilən sayır. Onun sözlərinə görə, bu partiya özünün ideoloji istiqamətini seçmədən, təşkilati strukturlarını tam formalaşdırmadan siyasi proseslərdə iştirak etməyə cəhd göstərib: “Təbii ki, bu, çox ciddi yük idi. Bu yükün altında təşkilat bir neçə dəfə parçalandı. Mən ACP-nin bu addımını baş tutmamış partiya quruculuğunun nəticəsi kimi qiymətləndirirəm”. S. Cəlaloğlunun fikrincə, R. Quliyevin ACP-nin möhkəmlənməsində heç bir marağı yoxdur: “Rəsul Quliyev öz tərəfdarlarının nə düşündüklərini, onların fərdi maraqlarının nəyi tələb etdiyini götür-qoy etmədən birtərəfli qaydada kəskin bəyanatlar verir. Təbii ki, bu zaman da partiyada olanlar öz maraqlarını qorumaq üçün Rəsul Quliyevdən fərqli mövqe nümayiş etdirməli idilər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov isə ACP-nin bu addımından təəssüfləndiyini bildirib. Onun fikrincə, partiyanın bir neçə ay əvvəl prezident seçkilərindən imtina haqda qərarı əslində görüntü imiş: “Bunun arxasında başqa məqsədlər gizlənir. Bu onu göstərdi ki, ACP müxalifət düşərgəsindən uzaqlaşdı. Onların müxalifət adından danışmağa haqları çatmır”.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov isə ACP-nin addımını alqışlayıb: “Azərbaycandakı siyasi partiyaların böyük əksəriyyəti, o cümlədən ictimai təşkilatlar xalqa birgə İlham Əliyevin namizədliyini dəstəkləyib. Hesab edirik ki, ACP haqqı, ədaləti, düzgünlüyün tərəfini tutub. Güman edirəm ki, bu səpkidə addımlar yenə olacaq. Bir gün əvvəl ayrı-ayrı partiyalardan – Müsavat və AXCP-dən də bəyanat verib qrup şəklində çıxan və İlham Əliyevin namizədliyini dəstəkləyənlər olub”.

Digər respondentlərdən fərqli olaraq Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə ACP-nin qərarına münasibət bildirmək istəməyib: “Mən hansısa partiyanın qərarını təftiş etmək fikrində deyiləm. ACP hesab edir ki, bu gün bu addım daha düzgündür. Mən heç nə deyə bilmərəm. Allah xeyir versin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR