Bank Of Baku

Qarabağ Koordinasiya Şurası Moskva Bəyannaməsi ilə bağlı mətbuat konfransı keçirib

Qarabağ Koordinasiya Şurası Moskva Bəyannaməsi ilə bağlı mətbuat konfransı keçirib
# 07 noyabr 2008 10:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Koordinasiya Şurası Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskvada imzaladıqları Bəyannamə ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, şuranın koordinatoru, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Bəyannamə Qarabağ probleminin həlli ilə bağlı proseslərin Azərbaycanın xeyrinə getmədiyini göstərir. A. Nağı deyib ki, Bəyannamə və prezidentlərin Moskva görüşü ilə bağlı hər şey təqdim edilən kimi deyil: “Bir sıra dövlətlər var ki, onlar bütün məsələlərdə bir-birinə zidd siyasət yürüdür, Dağlıq Qarabağ məsələsində isə həmrəylik nümayiş etdirirlər. Bu, ortada qaranlıq məqamların olduğunu göstərir. Rusiyanın vasitəçi olması yalnız onun öz maraqlarına xidmət edir. Bu məqamdan istifadə edərək Rusiya həm Azərbaycana, həm də Ermənistana təsir etməklə öz maraqlarını həyata keçirəcək”.

Millət vəkili Pənah Hüseyn də Rusiyanın vasitəçilik təşəbbüsünün yalnız və yalnız bölgədə öz təsirini artırmağa xidmət etdiyini söyləyib. O, bu Bəyannamənin imzalanması ilə Azərbaycanın geri çəkildiyini vurğulayıb: “Ölkə prezidenti son vaxtlar Qarabağ probleminin həlli ilə bağlı hərb variantı barədə ümumiyyətlə, danışmır. Halbuki əvvəllər ən azı münaqişənin sülh yolu ilə həll olunmayacağı halda, hərb variantından istifadə olunacağı bildirilirdi. Bu fikirlər şəxsən məndə ruh yüksəkliyi yaradırdı”.

Konfransda Koordinasiya Şurasının üzvləri Mehman Əliyev, Yaşar Cəfərli, Arif Yunus da çıxış edərək Bəyannamədə heç bir yeni məqamın olmadığını vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR