Bank Of Baku

Prezident seçkilərini boykot etmiş müxalifət partiyaları referendumda iştirak formasını hələ dəqiqləşdirməyiblər

Prezident seçkilərini boykot etmiş müxalifət partiyaları referendumda iştirak formasını hələ dəqiqləşdirməyiblər
# 05 yanvar 2009 12:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ötən prezident seçkilərini boykot etmiş müxalifət partiyaları Konstitusiya dəyişiklikləri ilə bağlı martın 18-də keçiriləcək referendumda iştirak formasını hələlik dəqiqləşdirməyiblər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında bu məsələnin partiyanın rəhbər orqanlarında müzakirə olunacağını deyib. O bildirib ki, partiya daxilində ilkin rəy prosesdə fəal iştirak etməkdən ibarətdir: “Bu, səsvermədə iştirak yolu ilə də ola bilər, boykot vasitəsilə də. Hələlik məsləhətləşmələr davam edir. Amma istənilən halda biz bu prosesdən kənarda qalmayacağıq”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə məsələnin rəhbərlikdə müzakirə edildiyini və konkret qərar qəbul olunmadığını söyləyib. Onun sözlərinə görə, ADP müxalifətin aparıcı siyasi qüvvələri ilə vahid mövqedən çıxış etmək fikrindədir: “Bununla bağlı digər partiyalarla məsləhətləşmələrimiz olacaq. İstənilən halda biz bu dəyişikliyin əleyhinəyik. Bunu səsverməyə qatılıb dəyişikliyin əleyhinə səs vermək yolu ilə ifadə etməyi üstün tuturuq. Amma vahid qərar hansı olsa, ona uyğun addım atılacaq”.

“Azadlıq” blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli də məsələnin hələlik müzakirə edilmədiyini deyib. AXCP-nin dəyişikliyin əleyhinə olduğunu bəyan edən N. Məmmədli yaxın günlərdə partiyanın rəhbərliyində bununla bağlı qərar veriləcəyini açıqlayıb: “Həm səsvermədə iştirak edib dəyişikliyin əleyhinə səs vermək, həm boykot, həm də digər bir neçə variant var. Biz bunların hamısını müzakirə edərək ən optimal variantı seçəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR