Bank Of Baku

Bəzi müxalifət partiyaları referendumla bağlı təşviqat qrupları yarada bilər

Bəzi müxalifət partiyaları referendumla bağlı təşviqat qrupları yarada bilər
# 06 yanvar 2009 10:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifət referendumda qoyulan məsələnin əleyhinə təbliğat aparmaq üçün təşviqat qrupları yarada bilər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında hər bir seçicinin təbliğat və əks-təbliğat prosesində iştirak etmək hüququ olduğunu deyib: “Təşviqat qrupu yaratmaqla pulsuz efir vaxtının alınmasına, plakatların yapışdırılmasına nail olmaq mümkündür. Ona görə də bununla bağlı partiyada müzakirə aparılacaq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov isə partiyanın yekun mövqeyinin bu günlərdə müəyyənləşəcəyini söyləyib. O bildirib ki, referendum boykot olunarsa, təşviqat qrupu yaradılmasına da ehtiyac qalmayacaq. Sədr müavini bununla bağlı partiyada müxtəlif təkliflərin olduğunu vurğulayıb.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi Əli Orucov məsələni Siyasi Şuranın iclasında müzakirə edəcəklərini açıqlayıb: “Biz təşviqat qruplarının üstün tərəflərini də nəzərə almaqla bu barədə qərar qəbul edəcəyik. Amma hələlik belə qrupun yaradılıb-yaradılmayacağı barədə konkret fikir söyləmək çətindir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hazırda MSK-nın təşviqat qruplarının yaradılması ilə bağlı təlimatlarla maraqlandıqlarını deyib. O, digər müxalifət təşkilatları ilə müzakirələrdən sonra təşviqat qruplarının yaradılıb-yaradılmayacağı haqda qərar verəcəklərini söyləyib: “Biz müxalifətin bu məsələdə vahid mövqe nümayiş etdirməsinin və birgə tədbirlər keçirməsinin tərəfdarıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR