Bank Of Baku

MSK martın 18-də keçiriləcək referenduma hazırlıq məqsədi ilə bir sıra təlimatlar qəbul edib

MSK martın 18-də keçiriləcək referenduma hazırlıq məqsədi ilə bir sıra təlimatlar qəbul edib
# 08 yanvar 2009 14:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referenduma hazırlıq məqsədi ilə bir sıra təlimatlar qəbul edib. APA-nın məlumatına görə, qurumun bu gün keçirilən iclasında KİV-də referendumqabağı təbliğatın aparılması, hərbi hissələrdə, xaricdə, Xəzər dənizində üzən gəmilərdə, yolu çətin keçilən yaşayış məntəqələrində səsvermə prosesi, həmçinin, vaxtından əvvəl səsvermə və digər məsələlərlə bağlı təlimatları təsdiq edilib. MSK-nın katibi Natiq Məmmədov bildirib ki, referendumla bağlı təbliğatı yalnız Təşviqat qrupları apara bilər. MSK katibi Təşviqat qruplarına pulsuz efir vaxtının veriləcəyini, təşviqat materiallarının yapışdırılması üçün yerlər ayrılacağını qeyd edib.

İclasda referendum üzrə təşəbbüs qruplarının təqdim etdikləri imza vərəqələrində və digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması üzrə işçi qrupu yaradılıb. Qrupa MSK-nın nümayəndələri ilə yanaşı, Ədliyyə, Maliyyə, Daxili İşlər və Vergilər nazirliklərinin ekspertləri daxil edilib. İşçi qrupuna MSK üzvü İlham Məmmədov sədrlik edəcək.

Toplantıda, həmçinin, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması üzrə ekspert qrupu yaradılıb. Qrupa MSK-nın 5 üzvü və 4 katibliyin rəhbəri daxil edilib. N. Məmmədov bildirib ki, müvafiq ekspert qrupları Dairə Seçki Komissiyalarında da yaradılacaq.

MSK-nın iclasında çıxış edən qurumun sədr müavini Svetlana Qasımov isə ümumi şöbənin işinin yaxşılaşdırılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, vətəndaşlar şikayət və ya təkliflə müraciət etmək istəyəndə bəzən problemlə qarşılaşırlar: “Bəzən vətəndaş müraciəti kimə təqdim edəcəyini bilmir, saatlarla MSK-nın qapısında gözləməli olur. Elə şərait yaradılmalıdır ki, vətəndaş öz müraciətini dərhal təqdim edə bilsin”.

Toplantıda bəzi DSK-ların tərkibində dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR