Bank Of Baku

Azərbaycanın Nardaran kəndində səsləndirilmiş radikal fikirlər narazılığa səbəb olub - SORĞU

Azərbaycanın Nardaran kəndində səsləndirilmiş radikal fikirlər narazılığa səbəb olub - <font color=red>SORĞU </font>
# 09 yanvar 2009 16:33 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Respublika Hərbi Komissarlığının ictimai-siyasi işlər şöbəsinin rəisi, polkovnik Rasim Sadıqov bildirib.

R. Sadıqovun sözlərinə görə, hərbi xidmət keçməkdən boyun qaçıranlar barədə hüquq-mühafizə orqanlarına təqdimat göndərilir: «Azərbaycanda hərbi xidmətə çağırış dövlət başçısının fərmanı ilə həyata keçirilir və Hərbi Komissarlıq tərəfindən icra olunur. Hesab etmirəm ki, kimlərsə kütləvi şəkildə orduya çağırışdan yayınsın”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu isə APA-ya açıqlamasında Nardaran sakinlərinin Silahlı Qüvvələrdə ölüm halları və nizamnamədənkənar hallarla bağlı səsləndirdiyi ittihamlarla razılaşmayıb: «Ordu ilə bağlı səslənən ittihamlar həqiqəti əks etdirmir. Bu gün Azərbaycan vətəndaşlarının orduda xidmət keçmələrinə mane olacaq problem yoxdur. Ordudan yayınan vətəndaşların sayı demək olar ki, yox səviyyəsindədir. Orda deyilənləri də kimlərinsə subyektiv və həqiqətə uyğun olmayan fikirləri kimi qiymətləndirirəm”.

“Nardaranda səslənən fikirləri bütün kənd camaatına aid etmək olmaz. Heç kim deyə bilməz ki, nardaranlılar bütövlükdə onların keçirdikləri mitinqlərdə səslənən şüarlarla yaşayır. Mən bu kənddə dəfələrlə olmuşam və yerli vəziyyəti bilirəm”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin üzvü Hacı Madər Musayev bildirib. Deputatın sözlərinə görə, Nardaranda səslənən şüarları bu kəndin bütün insanların adına yazmaq düz deyil.

M. Musayev vaxtilə Nardaranda keçirdikləri görüşlərdən olduqca razı qaldığını deyib. Millət vəkili kənddə keçirilən son mitinqlərdə Milli Məclisin üzvlərinə qarşı səslənən ittihamlara da münasibət bildirib: “Kiminsə haqqında fitva vermək müctəhid və ya Qazılar Şurasının səlahiyyətinə aid məsələdir. Kimsə özbaşına durub fitva verə bilməz. Biz bu gün bir-birimizə qarşı yox, ermənilərə qarşı birləşməli və onlara fitva verməliyik. Bu gün torpağının 20 faizi işğal altında olan bir ölkənin vətəndaşları əvvəlcə öz torpaqları uğrunda döyüşməyə hazır olmalıdırlar. Fələstinlə bağlı məsələyə görə isə heç kəs narahat olmasın. Bizim hamımızın vətəndaşı olduğumuz Azərbaycan dövlətinin bu məsələyə münasibəti açıqlanıb ”.

“Milli Məclisin deputatlarının Azərbaycanın dövlət maraqlarına xidmət etməsi məsələnin prinsipial tərəfidir. Ümumilikdə isə bütün çıxışlarımızda və fəaliyyətimizdə Azərbaycanın mənafeyini düşünürük. Bu baxımdan Nardaran qəsəbəsində bu gün keçirilən mitinqdə səslənən fikirlər əsassızdır”. Milli Məclisin deputatı Zahid Oruc APA-ya deyib ki, onun ötən gün Azərbaycan telekanallarının birində dediyi fikirlər nardaranlılar tərəfindən düzgün başa düşülməyib: “Amma onların İsrailin Qəzzada apardığı hərbi əməliyyatlara olan münasibəti başa düşüləndir. Biz onların fikirlərini anlayışla qəbul edirik”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Nardarandakı mitinqdə səslənən fikirləri təəccüblə qarşıladığını deyib: “Mən bu məsələ ilə bağlı hansısa tərəfin nümayəndəsi kimi çıxış etməmişəm. Yalnız müharibənin dayanmasını və sülhün bağlanmasını məqsədəuyğun hesab etmişəm”.

Milli Məclisin deputatı Qənirə Paşayeva isə deyib ki, Azərbaycan parlamentinin deputatlarının, o cümlədən də özünün İsrailin maraqlarına xidmət etməsi barədə Nardaranda keçirilən mitinqdə səslənən fikirlər həqiqətə söykənməyib: “Bu sözlər mitinqdə çıxış edənlərdən birinin subyektiv fikridir. İnanıram ki, digər nardaranlılar bu fikri bölüşmürlər. Çünki Yaxın Şərqdə baş verən proseslərə münasibətimdə bölgədə müharibənin dayandırılmasının, günahsız insanların həlak olmasının qarşısının alınmasının və problemlərin danışıqlar masası arxasında həll olunmasının vacibliyinin zəruriliyini vurğulamışam. Bu mövqeyin başqa cür qavranılmasına və təqdim etməsinə təəccüblənirəm”.

Q. Paşayeva həmişə Azərbaycanın maraqlarını üstün tutduğunu da söyləyib: “ Bu ifadəni işlədənin müsəlman kimi günahını dərk edərək, üzr istəməsini gözləyirəm. Azərbaycan vətəndaşı olan hər bir şəxs isə hərbi xidmətdən yayınmayaraq, vətən qarşısında borcunu yerinə yetirməlidir”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, Azərbaycan Ordusunda xidmətdən hər hansı formada yayınmaq olmaz: “Orduda hansısa neqativ hal ola bilər. Amma bu problemi şişirdib, mənfi fikir formalaşdırmaq olmaz. Azərbaycanın işğala məruz qalan dövlət olması diqqətdən yayınmamalıdır”.

Sabiq müdafiə naziri, Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri Dadaş Rzayev isə vətəndaşların kütləvi şəkildə orduda xidmətdən imtinasının Konstitusiyaya və dövlətçiliyə qarşı yönəlmiş addım kimi xarakterizə edib: «Qanunvericiliklə hər bir vətəndaş dövlətinin müdafiəsində iştirak etməlidir. Bu Konstitusiyamızda da əksini tapıb”.

D. Rzayev hazırkı şəraitdə Azərbaycanda hərbi xidmətdən imtinaya ciddi səbəb görmədiyini deyib. Generalın sözlərinə görə, Silahlı Qüvvələrin inkişaf etdiyi, maddi-texniki bazasının gücləndiyi bir dövrdə belə bəyanatlar ordunun nüfuzuna, xidmət keçən əsgərlərin psixologiyasına mənfi təsir göstərir: “Doxsanıncı illərin əvvəllərində hərə özünü bir kənara çəkdi, bu rayon o rayonun uğrunda döyüşmək istəmədi, axırda torpaqlarımız işğal olundu”.

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri, teoloq İlqar İbrahimoğlu APA-ya açıqlamasında Nardaranda keçirilən mitinqdə səslənən fikirlərin bütün kənd camaatına aid olduğunu düşünmədiyini deyib: “Nardaranın tanınmış və abırlı ağsaqqalları var. Onlar heç vaxt Azərbaycan ordusunda xidmətlə bağlı mənfi fikir səsləndirməz. Bu kəndin sakinləri həmişə vətənpərvər olub”.

İ. İbrahimoğlu mitinqdə kiminsə haqqında fitva verilməsinin də düzgün olmadığını deyib: “Fitva vermək İslamda çox ağır məsələdir. Bu cür şeylər üçün səlahiyyət lazımdır” .

Nardaranın tanınmış ağsaqqallarından olan Məşədi Natiq Kərimov da APA-ya açıqlamasında mitinq zamanı səslənən fikirlərin bütün kənd camaatının mövqeyi kimi qəbul etməyin düzgün olmadığını bildirib: “Mitinqlərdə çıxış edən gənclər bəzən emosional fikirlər səsləndirirlər”.

N. Kərimov S. Rüstəmxanlı barəsində fitva verilməsi məsələsinə də aydınlıq gətirib: “Bir dəfə Sabir bəy çıxışında nardaranlıları savadsız adlandırıb. Mən şəxsən bir nardaranlı kimi hörmətli xalq şairini teledebata çağırıram. Gəlsin mənimlə dialoq aparsın görək kim daha savadlıdır?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR