Bank Of Baku

“İrəli” İctimai Birliyi milli elita mövzusunda dəyirmi masa keçirib

“İrəli” İctimai Birliyi milli elita mövzusunda dəyirmi masa keçirib
# 14 yanvar 2009 10:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “İrəli” İctimai Birliyi “Milli diskussiyalar” silsiləsindən təşkil etdiyi “Qış debatları” çərçivəsində milli elita mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə ictimai birliyin üzvləri, ziyalılar, millət vəkilləri, ali məktəblərin rektorları iştirak edib.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev bildirib ki, dövlətlərin siyasətinin proqnozlaşdırılmasında elitalar həmişə önəmli rol oynayıb. Azərbaycan əhalisinin 31 faizinin gənclərdən ibarət olduğuna diqqət çəkən mərkəz rəhbərinin fikrincə, elitanın formalaşmasında gənclər xüsusi çəkiyə malikdir: “Gənclər həmişə ölkələrin ümumi mühitini formalaşdırır. Milli elita isə bütün ümumi məsələlərdə, dövlət üçün əhəmiyyətli olan hadisələrdə konsensus, həmrəylik mövqeyindən çıxış etməlidir”.

Milli Məclisin komissiya sədri Rəbiyyət Aslanova bütün tarixi dövrlərdə elitanın üzərinə vacib vəzifələr düşdüyünü deyib: “Elita yönləndirici, seçilən şəxslərdir. Bütün dövlətlərdə elita əhalinin 4 faizini təşkil edib. Azərbaycanda isə elita hər zaman olub. Mən düşünürəm ki, bu gün Azərbaycanda aparıcı xətt məhz strateji elita olmalıdır. Milli elitanın ortaya atılması isə daha çox milli varlığımızı qorumağa xidmət edir. Bu gün Azərbaycana süni elita lazım deyil”.

Millət vəkili Fazil Mustafa milli elitanın yalnız milli dövlət, milli burjuaziya olan zaman formalaşdığını qeyd edib: “Azərbaycanda isə bu gün məmur burjuaziyası var”. F. Mustafanın sözlərinə görə, bu gün Azərbaycan reallığında yalnız siyasi elita üstünlük təşkil edir.

Tədbirdə Azərbaycan Müəllimlər Universitetinin rektoru Aqiyə Naxçıvanlı, politoloq Rasim Musabəyov və digər iştirakçılar da fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR