Bank Of Baku

VHP Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına qoşulub

VHP Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına qoşulub
# 15 yanvar 2009 11:44 (UTC +04:00)
Bakı – APA. Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının növbəti iclası keçirilib. VHP-dən APA-ya verilən məlumata görə, iclasda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendum müzakirə edilib və qərar qəbul olunub. Qərarda bildirilir ki, bu məsələ hələ Milli Məclisdə müzakirə olunarkən VHP sədri beynəlxalq şəraitin kəskinləşdiyi və Qarabağ probleminin həllinin ciddi maneələrlə üzləşdiyi bir məqamda referendumun gündəmə gətirilməsinin tələskənlik olduğunu söyləyərək bu addımın demokratik dünyada Azərbaycanın imicinə ciddi problemlər yarada biləcəyi ehtimalını səsləndirib: “Hakimiyyətyönümlü siyasi qüvvələrin necə əsaslandırmasından asılı olmayaraq, referenduma çıxarılan bir çox məsələ ilk növbədə Azərbaycanın demokratik prinsiplərdən geri çəkilməsi, xalqın demokratiya ümidlərinin boşa çıxması və nəticədə demokratik dünyanın Qarabağla bağlı bu ədalətli mübarizədə bizdən üz döndərməsi deməkdir. Ona görə də VHP belə bir referendumun keçirilməsinə etiraz edir, bu məsələdə ölkənin demokratik qüvvələri ilə bir cərgədə olduğunu bildirir. Biz bu ümummilli məsələdə ayrıca təşəbbüs qrupu ilə çıxış etməyə ehtiyac görmür, ümumi müxalifətin vahid cəbhədə dayanması zərurətini nəzərə alır, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına qoşularaq onun fəaliyyətini dəstəkləyirik. Əməkdaşlıq etdiyimiz dövrdə partiya öz resursları ilə hərəkatın fəaliyyətinin effektliliyinin yüksəlməsi üçün lazımi addımlar atacaq və zəruri işlər görəcək. Məqsədimiz Azərbaycanda demokratiyanın təməl prinsiplərinin qorunması və torpaqlarımızın işğaldan azad olunması yolundakı bütün maneələrin aradan qaldırılmasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR