Bank Of Baku

14 illik atəşkəs dövründə Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini ən çox 2008-ci ildə pozub

14 illik atəşkəs dövründə Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini ən çox 2008-ci ildə pozub
# 16 yanvar 2009 08:35 (UTC +04:00)
Nəticədə Azərbaycan ordusunun 18 hərbçisi düşmənlə döyüşdə şəhid olub. APA-nın Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən il atəşkəs 2007-ci illə müqayisədə 700 fakt çox pozulub. Məlumat üçün bildirək Ki, cəbhə xəttində atəşkəsin 2007-ci ildə 550, 2006-cı ildə 220 dəfə pozulması qeydə alınıb.

Atəşkəsin ən çox pozulması faktı ötən ilin iyun, iyul, avqust, sentyabr və oktyabr aylarında müvafiq olaraq 176, 150, 153, 185 və 153 hadisə olmaqla qeydə alınıb.
Azərbaycan ordusunun hərbçiləri əsasən Qarabağ cəbhəsində, Ağdam, Tərtər, Xocavənd və Füzuli rayonları istiqamətlərində gedən döyüşlərdə şəhid olub.

Bundan başqa, qoşunların təmas xəttində, eləcə də cəbhə xəttinə yaxın yerləşən hərbi hissələrdə mina partlayışları nəticəsində 2 hərbi qulluqçu dünyasını dəyişib. Atəşkəs ən çox Ağdam (228 hadisə), Tərtər (211), Qazax (175), Xocavənd (141), Goranboy (140), Füzuli (134) və Tovuz (124) rayonlarında pozulub. Düşmən qüvvələri hər il olduğu kimi, Gədəbəy və Cəbrayıl, həmçinin Daşkəsən rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini atəşə tutub.

Monitorinqin nəticələrinə görə, 2008-ci ilin sentyabr-oktyabr aylarında düşmən qüvvələri daha çox cəbhənin şimalında - Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax və Tovuz rayonu hissəsində aktivlik göstərib. Həmin aylarda atəşkəs pozulmasının ümumi say göstəriciləri arasında Qazax rayonu fərqlənib. Qeyd edək Ki, hazırda Qazax rayonunun 9 kəndi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini həm işğal altında saxladıqları bu kəndlərdən, həm də Ermənistanın İcevan, Berd, Tavuş rayonları ərazisindən atəş altında saxlayıb.

İyun, iyul, avqust aylarında Ermənistan ordusunun bölmələrinin Goranboy, Tərtər, Ağdam rayonları, oktyabr, noyabr aylarında isə cəbhənin cənubunda - Füzuli və Xocavənd rayonları istiqamətində fəallaşması qeydə alınıb.

Monitorinqin nəticələri göstərir ki, Ermənistan Silahlı Qüvvələrinin aktivliyi daha çox mart ayının birinci ongünlüyündə qeydə alınıb. Təkcə 3-4 mart tarixlərində cəbhə xəttinin Goranboy və Tərtər rayonları istiqamətində 36 saatdan artıq intensiv döyüş gedib. Bu döyüşlər zamanı minaatanlardan, ağır hərbi texnikalardan istifadə olunub.

Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən və ermənilərin atəşinə ən çox məruz qalan yaşayış məntəqələri Tovuz rayonunun Koxa Nəbi, Ağdam, Əlibəyli, Qazax rayonun Məzəm, Qızıl Hacılı və Bala Cəfərli, Qarabağ cəbhəsində isə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Alxanlı, Ağdamın Yusifcanlı, Tərtər rayonunun Qapanlı, Göyarx, Borsunlu və Goranboyun Tap Qaraqoyunlu kəndləri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR