Bank Of Baku

Azərbaycan prezidenti: “2009-cu ildə və ondan sonrakı illərdə nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq”

Azərbaycan prezidenti: “2009-cu ildə və ondan sonrakı illərdə nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq”
# 17 yanvar 2009 22:28 (UTC +04:00)
Bakı-APA. “2008-ci il dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi qalacaq. Azərbaycan üçün isə 2008-ci il növbəti uğurlu il olub. Bu ildə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilib. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişafını davam etdirib, ölkədə infrastruktur və digər layihələr vaxtlı-vaxtında icra olunub. Bir sözlə, Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar 2008-ci ilin yekunlarında da özünü göstərib. Bizim iqtisadiyyatımız təxminən 11 faiz artıb”. APA-nın xəbərinə görə, bunu hökumətın 2008-ci ilin yekunları ilə bağlı iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, dünyanı bürümüş maliyyə və iqtisadi böhran böyük çətinliklər gətirib. Müxtəlif ölkələrdə iqtisadiyyatın tənəzzülə uğradığı vaxtda Azərbaycanda yeni müəssisələr açılıb, iqtisadiyyat artıb, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük, nəhəng infrastruktur layihələri icra olunub: “Bizi narahat edən yeganə məsələ inflyasiyanın yüksək səviyyədə - 20 faizdən çox olmasıdır. Ancaq bununla bərabər, əhalinin pul gəlirləri ondan qat-qat çoxdur, daha böyük rəqəmlərlə ölçülür. Əhalinin pul gəlirləri 2008-ci ildə 36 faiz artıb”.

Prezident qeyd edib ki, ötən ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 13,2 faiz təşkil edir: “Nəzərə alsaq ki, 2003-cü ildə yoxsulluğun səviyyəsi 49 faiz idi, bu, 13,2 faiz böyük nailiyyətdir”.

Ölkə başçısı 2008-ci ildə minimum əmək haqqı və minimum pensiyaların baza həddi 50 faiz artırıldığını, Azərbaycanda orta əmək haqqının 335 dollar, orta pensiyanın isə 120 dollar olduğunu bildirib. Ünvanlı sosial yardım proqramının 2009-cu ildə davam etdirilməli olduğunu deyən prezident Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla başa çatdığını da bildirib: “Son beş ildə 766 min yeni iş yeri açılıb ki, bunların 548 mini daimidir. 2008-ci ildə 120 mindən çox yeni iş yeri açılıb”.

Ölkə başçısı deyib ki, bütün uğurları ancaq neft amili ilə bağlamaq tamamilə yanlışdır: “Bizim iqtisadi uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır, ölkənin milli maraqlarının qorunması, siyasi islahatlar, demokratik proseslər, iqtisadi islahatlar dayanır və bütün bunları görməmək mümkün deyil. Əgər dünyanın ən birinci, ən qabaqcıl maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına görə ilin bir nömrəli islahatçı ölkəsi kimi tanıyırsa və bunu bəyan edirsə, bu, özü-özlüyündə göstərir ki, uğurlarımızın təməlində bizim siyasətimiz, düzgün xəttimiz və Azərbaycanda gedən müsbət proseslər dayanır”.

Azərbaycanın 18 milyard dollardan çox valyuta ehtiyatları olduğunu söyləyən prezident dövlət borcunun isə 2 milyard dollardan bir az çox olduğunu deyib.

Azərbaycanın enerji təhlükəsizliyi məsələlərini tam şəkildə həll etdiyini deyən dövlət başçısı “Azərbaycan etibarlı tərəfdaşdır, bir dəfə də olmayıb ki, öz öhdəliklərini yerinə yetirməsin” söyləyib.

Regional iqtisadi layihələrdən də danışan ölkə başçısı Azərbaycanın neftini və qazını dünya bazarlarına çıxaran 7 kəmərin hamısının işlək vəziyyətdə olduğunu bildirib.

Prezident deyib ki, son beş il ərzindəki uğurlar növbəti beş il üçün həm əsas, həm də örnəkdir: “Son beş ildə müxtəlif məqamlarda bizim siyasətimizə mane olmaq istəyənlər, yaxud da, daxili işlərimizə qarışmaq istəyənlər və ya hansısa formadasa siyasətimizi bəyənməyən dairələr vaxtaşırı öz səslərini qaldırmağa çalışıblar. Bizə bəzi hallarda daha çox 4-5 il bundan əvvəl məsləhət vermək və ya yol göstərmək, ya da ki, tövsiyə etmək, yaxud göstəriş vermək cəhdləri olub. Biz bütün bunları yaxşı xatırlayırıq. Əgər biz o vaxt bu sözlərə baxsaydıq və öz yolumuzdan dönsəydik, iradə göstərməsəydik, bu gün Azərbaycanın vəziyyəti sözə baxanların vəziyyətinə yaxın ola bilərdi.

Bütün təzyiqlərə, əsassız ittihamlara, bəzi hallarda çirkin böhtan kampaniyalarına baxmayaraq, biz yolumuzdan dönmədik. Ona görə ki, Azərbaycan xalqı bizi dəstəklədi, Azərbaycan xalqı bizə bu inamı, bu qüvvəni verdi və son beş ilin tarixi göstərir ki, kim haqlı olub, kim isə əbəs yerə səylər göstərib.

Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqil siyasəti var. Bu siyasət Azərbaycanı son beş ildə böyük dərəcədə gücləndirib”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan bütün sahələrdə əməkdaşlığa hazırdır, bütün ölkələrlə qarşılıqlı əsaslar üzərində, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında bundan sonra da münasibətləri davam etdirmək fikrindədir: “Ancaq bu münasibətlər bu gün olduğu kimi, gələcəkdə də dünyada qəbul olunmuş və demokratik prinsipləri əks etdirən əsaslar üzərində qurulacaq. Bizim planlarımız çoxdur. Ölkəmizi bundan sonra da uğurla inkişaf etdirməliyik. 2009-cu ildə və ondan sonrakı illərdə nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq”.

Prezident deyib ki, 2008-ci ilin yekunları, eyni zamanda, son beş il ərzində görülən işlərə vurulan yekundur: “Azərbaycan xalqı bu işlərə mənim üçün ən vacib olan münasibətini keçən ilin oktyabr ayında prezident seçkilərində bildirib. Bu, bizim üçün ən böyük göstəricidir. Bizim işlərimizin düzgün aparılmasına ən böyük işarədir, ən böyük sübutdur. Elə etməliyik ki, növbəti illərdə xalqın etimadını doğruldaq, Azərbaycanın qarşısında duran bütün məsələləri uğurla həll edək, Azərbaycanı daha da gücləndirək, bölgədə və dünyada mövqelərimizi möhkəmləndirək, iqtisadi sahədə daha ciddi nailiyyətlərə çataq, bütün sosial məsələləri həll edək və beləliklə, ölkəmizi uğurla irəliyə aparaq”.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR