Bank Of Baku

MSK “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” Təşəbbüs qruplarının şikayətlərini əsassız sayıb

MSK “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” Təşəbbüs qruplarının şikayətlərini əsassız sayıb
# 27 yanvar 2009 14:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Millət vəkili Aydın Mirzəzadə “Yeni Azərbaycan” Təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında (MSK) səlahiyyətli nümayəndəsi təyin edilib. APA-nın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında həmçinin “Yeni Azərbaycan” Təşviqat qrupunun 25 nəfərlik səlahiyyətli nümayəndəsi və 25 nəfərlik vəkillərinin siyahısı təsdiq olunub.

İclasda “Qarabağ və Respublika Uğrunda” Təşəbbüs qrupunun müraciətinə baxılıb. Qrupun səlahiyyətli nümayəndəsi Həsən Kərimov MSK-ya etdiyi müraciətdə bir sıra rayonlarda imza toplayan şəxslərə qarşı polis və icra orqanları tərəfindən təzyiqlərin edildiyini, Sabirabadda isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının iki üzvünün həbs olunduğunu bildirib. MSK katibi Natiq Məmmədov müraciətlə bağlı araşdırmaların aparıldığını və göstərilənlərin təsdiqini tapmadığını qeyd edib. Onun sözlərinə görə, Sabirabadda həbs edilən partiya üzvlərinin üzərindən narkotik vasitə tapıldığı üçün onlar barəsində həbs-qətimkan tədbiri seçilib ki, bunun da referendumla əlaqəsi yoxdur. O, H. Kərimovun müraciətində sübut olmadığını qeyd edib.

MSK üzvü Akif Qurbanov isə vətəndaşların qorxudulduğunu bildirib: “Vətəndaş özü müraciət edir ki, məni polisə çağırıb təzyiq göstərirlər. O hansı sübutu təqdim etməlidir, sübut deyəndə nə nəzərdə tutulur? Axı vətəndaş polis şöbəsinə hansısa səsyazan qurğu və yaxud video-çəkiliş aparatı yerləşdirə bilməz ki, maddi sübut əldə etsin”.

Bunun cavabında MSK sədri Məzahir Pənahov bildirib ki, Ümid Partiyasının Ağstafa rayon təşkilatının üzvü onlara məktub ünvanlayıb. O, məktubunda imzatoplama kampaniyasına cəlb olunduğunu, lakin imza toplaya bilmədiyini qeyd edib: “O, imza vərəqələrini də MSK-ya göndərdiyi məktuba əlavə edib”.

A. Qurbanov isə bunun normal hal olmadığını deyib: “Əvvəlcə həmin şəxsin Ümid Partiyasının üzvü olub-olmadığını araşdırmaq lazımdır. Digər tərəfdən, axı həmin imza vərəqələri ona MSK tərəfindən verilməyib ki, o da MSK-ya təqdim edir. Deməli, burada da hansısa təzyiq faktoru var”.

İclasda iştirak edən “Qarabağ və Respublika Uğrunda” Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimov da çıxış edərək yerlərdə imzatoplayan şəxslərə qarşı təzyiqlərin olduğunu deyib, Sabirabadda həbs olunan şəxslərə şər atıldığını vurğulayıb.

İclasda həmçinin, “Respublikaçılar” Təşəbbüs qrupunun imzatoplayan şəxslərə qarşı təzyiqlərin edilməsi barədə müraciətlərə baxılıb.

Hər iki Təşəbbüs qrupundan edilən müraciətlər əsassız sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR