Bank Of Baku

Qarabağ general-qubernatorluğunun yaranmasının 90 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib

Qarabağ general-qubernatorluğunun yaranmasının 90 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib
# 29 yanvar 2009 09:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) və Beynəlxalq Diaspora Mərkəzi (BDM) Qarabağ general-qubernatorluğunun yaranmasının 90 illiyi ilə əlaqədar dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən QAT sədri Akif Nağı qubernatorluğun yarandığı vaxt Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, yalnız Zəngəzurla bağlı mübahisələrin olduğunu xatırladıb. O bildirib ki, bu mübahisələrə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi həmin əraziləri qoruya bildi və dünya tərəfindən həmin bölgə Azərbaycan ərazisi kimi tanındı: “Amma bolşeviklər hakimiyyətə gəldikdən sonra Zəngəzur ermənilərə verildi, Dağlıq Qarabağ isə muxtar vilayət elan olundu”.

Tarix elmlər namizədi Firdovsiyyə Əhmədova tədbirdə “Qarabağda siyasi vəziyyət və general-qubernatorluğun yaranması” mövzusunda məruzə ilə çıxış edib. O, ermənilərin Azərbaycana qarşı ilk dəfə “Ararat Respublikası” adı ilə ərazi iddiası irəli sürdüyünü söyləyib. Tarixçi qeyd edib ki, Xalq Cümhuriyyəti yaranarkən ermənilərin Azərbaycana qarşı ərazi iddiası irəli sürməyəcəyi ilə bağlı ilkin şifahi razılaşma əldə olunsa da, sonradan bu razılaşma pozulub: “Ermənilər faktiki olaraq bu razılaşmaya əməl etmədilər və Andranikin rəhbərliyi ilə Qarabağa hücumlar təşkil etməyə başladılar”. F. Əhmədova həmin hücumlar zamanı general-qubernatorluğun fəaliyyəti, ermənilərə qarşı atdığı addımlar haqda tarixi sənədlərlə iştirakçıları məlumatlandırıb.

Tarix elmlər doktoru İsmayıl Musa “Xosrov bəy Sultanovun general-qubernator kimi fəaliyyəti”, tarix elmlər namizədi Kamran İsmayılov “Qarabağ general-qubernatorluğunun fəaliyyətinin əsas istiqamətləri” mövzusunda məruzə ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR