Bank Of Baku

Qənirə Paşayeva: “Dünyanın hər yerində obyektiv tarixə əsaslanan abidə və memorialların ucaldılmasına hörmətlə yanaşmalıyıq”

Qənirə Paşayeva: “Dünyanın hər yerində obyektiv tarixə əsaslanan abidə və memorialların ucaldılmasına hörmətlə yanaşmalıyıq”
# 30 yanvar 2009 13:44 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. “SSRİ işğalı dövründə Azərbaycan xalqına məxsus abidələr dağıdılır, əvəzində sovet ideologiyasına xidmət edən abidə və memoriallar qurulurdu. Xalqı narazı salan bu abidə və memoriallar millətin azadlıq düşüncəsini, milli tarixi yaddaşını məhv etməyə, totalitar rejimlərin, kommunizmin möhkəmlənib, yayılmasına xidmət edirdi”. APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun qış sessiyasında çıxışı zamanı söyləyib.

O belə abidələr vasitəsilə Azərbaycan dövləti və xalqı üçün yalançı tarix yaradıldığını deyib: “Müsəlman Şərqində ilk demokratik parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasını işğal edərək, Azərbaycanı sovetləşdirən və kommunizm ideologiyasını yayan Qızıl Orduya Azərbaycanın ən gözəl yerlərində abidələr, memoriallar qoyulmuşdu. Bunun ardınca sovet ideologiyasının və totalitar kommunist rejiminin rəhbərləri olan Lenin, Stalin və digərlərinə yüzlərlə abidələr qoyulmuşdu. Dəhşətlisi odur ki, 1918-ci ildə Bakıda Azərbaycan xalqının soyqırımını təşkil edən, Stepan Şamuyanın rəhbərlik etdiyi 26-lar adlandırılan bir qrupa ölkənin müxtəlif yerlərində memorial abidələr ucaldılmışdı. Bir çox hallarda bu abidələrlə xalqın milli heysiyyəti alçaldılır və təhqir edilirdi. Məsələn 1905-1906-cı və 1918-ci illərdə erməni silahlı birləşmələri tərəfindən soyqırımına məruz qalan azərbaycanlıların kütləvi məzarlığı dağıdılaraq əyləncə məkanına çevrilib və orada minlərlə azərbaycanlının məhvində iştirak etmiş Kirova heykəl qoyulmuş və memorial kompleks yaradılmışdı”.

Qənirə Paşayeva bu cür hallara qarşı etiraz edən sadə insanların o zaman təqiblərə məruz qaldığını və məhv edildiyini bildirib: “Təbii ki, Şərqi Avropada sosialist rejimlərin çökməsindən, SSRİ-nin dağılmasından sonra müstəqillik respublikaların yaranması şəraitində xalqlar, o cümlədən azərbaycanlılar yalançı tarix və xalqları əsarətdə saxlamaq ideologiyasına xidmət edən bu abidələr və memorialları qəbul edə bilməzdi. Tarixi həqiqətlərə əsaslanan abidə və memoriallar heç kim tərəfindən etirazla qarşılanmamalıdır. Məsələn, Sovet İttifaqı dövründə, 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı açıq şəkildə göstərən kütləvi məzarlıqlarda memorialların qoyulmasına icazə verilmirdi. Avropa Şurası Parlament Assambleyasının prezidenti cənab De Puç Azərbaycana səfəri zamanı Quba bölgəsində yerləşən və dinc insanlara qarşı törədilən soyqırımı göstərən kütləvi məzarlığa baş çəkmiş və gördüyü mənzərədən dəhşətə gəldiyini vurğulamışdı. Bizdə həmin kütləvi məzarlığı və orada dinc insanlara qarşı hansı vəhşiliklərin törədilməsini göstərən videoroliklər var və maraqlanan millət vəkillərinə təqdim edə bilərik. Burada yaradılan abidəyə tarixi yaddaşın bərpası kimi baxmalıyıq və məqsəd bu hadisələrin bir daha təkrarlanmaması üçün insanlığın dərs almasıdır. O cümlədən müasir tariximizin faciəsi olan, 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəyə də bu baxımdan yanaşılmalıdır. Biz dünyanın hər yerində obyektiv tarixə əsaslanan abidə və memorialların ucaldılmasına hörmətlə yanaşmalıyıq. Lakin yalançı və uydurma tarix, ideologiya və düşüncələrə əsaslanan, məqsədi digər xalqlara, dövlətlərə, toplumlara nifrət və düşmənçilik təbliğ edən abidə və memoriallara qarşı etirazımızı ikili standartlara yol vermədən bildirməliyik”.

Qənirə Paşayeva AŞ PA-da bu mövzuda gedən müzakirələrdə Ermənistanın nümayiş etdirdiyi münasibətdən narahat olduqlarını bildirib: “Bilirsiniz ki, 1988-ci ilə qədər Ermənistanda, öz ata-baba torpağında 100 minlərlə azərbaycanlı yaşayırdı. Onlara məxsus yüzlərlə abidə və memoriallar var idi. 1948-53 cü illərdə Ermənistandan 150 mindən çox azərbaycanlı deportasiya olunub. 1980-ci illərin sonunda bu siyasət davam etdirilib, Ermənistan rəhbərliyinin apardığı etnik təmizləmə siyasəti nəticəsində bu ölkədə yaşayan bütün azərbaycanlılar, yəni 250 min insan zorla qovulub, Ermənistan monoetnik dövlətə çevrilib. Azərbaycanlılara məxsus bütün abidə və memoriallar vəhşicəsinə dağıdılıb. Bundan başqa bilirsiniz ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bu gün də işğal altında saxlayır. Çox təəssüf ki, Ermənistan Silahlı Qüvvələri işğal altında saxladıqları Azərbaycan torpaqlarında da xalqımıza məxsus abidə və memorialları məhv edib və bu proses bu gün də davam edir. Yerində isə heç bir tarixə əsaslanmayan qondarma abidə və memoriallar yaradılır ki, biz birlikdə buna qarşı öz kəskin etirazımızı bildirməklə yanaşı prosesin qarşısını almaq üçün təşkilatın malik olduğu hüquqi mexanizmlərdən istifadə etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR