Bank Of Baku

Sülhəddin Əkbər: “Bu il Müsavat Partiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri müxalifətdaxili inteqrasiyanın gücləndirilməsi olacaq”

Sülhəddin Əkbər: “Bu il Müsavat Partiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri müxalifətdaxili inteqrasiyanın gücləndirilməsi olacaq”
# 06 fevral 2009 09:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 2009-cu ildə Müsavat Partiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri müxalifətdaxili inteqrasiyanın gücləndirilməsi olacaq. Bu barədə APA-ya partiya Məclisinin sədri Sülhəddin Əkbər məlumat verib. O, Müsavat Partiyasının 2009-cu il üçün fəaliyyət planının hazırlandığını və Məclisin toplantısında qəbul edildiyini xatırladıb. S. Əkbər bildirib ki, fəaliyyət planında partiyanın təbliğat, təşviqat və informasiya gücünün artırılması, cəmiyyətlə əlaqələrin gücləndirilməsi əksini tapıb: “Eyni zamanda müxalifətdaxili münasibətlərin yaxşılaşdırılması, müxalifətin birliyinə nail olunması, demokratik qüvvələrin birgə fəaliyyətinin təşkili və funksional əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur. Əsas məqsəd cəmiyyətin demokratik potensialının, məhdud resursların mobilizasiyası və təşkilatlandırılması, Azərbaycanda demokratik müxalifət hərəkatının yaradılmasıdır. Bu il bələdiyyə seçkiləri, gələn il isə parlament seçkiləri keçiriləcək. Təbii ki, bu siyasi kampaniyalar dövründə mümkün qədər siyasi qüvvələrin birliyinə nail olunması və bu kampaniyalarda aktiv iştirak vacibdir”. Fəaliyyət planında partiyanın beynəlxalq birliklə əməkdaşlığı da prioritet istiqamətlərdən biri kimi qeyd olunub. 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı Müsavatın mövqeyinə gəldikdə, S. Əkbər bu barədə danışmağın hələ tez olduğunu vurğulayıb: “Nəzərə almaq lazımdır ki, həm Müsavat Partiyası, həm də digər müxalifət qüvvələrinin seçkilərə dair tələbləri yerinə yetirilməyib. Mənə elə gəlir ki, biz dayandığımız yerdən başlamaq məcburiyyətində qalacağıq. Yenə də ölkədə demokratik şəraitin yaradılması, seçki komissiyalarının paritet əsaslarla təşkili və bərabər informasiya imkanlarının yaradılması məsələsi prioritetlər olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR