Bank Of Baku

Oqtay Əsədov: “Azərbaycan Rusiyanın Ermənistana silah satmasına dair məlumatlarla bağlı danışıqlar aparır”

Oqtay Əsədov: “Azərbaycan Rusiyanın Ermənistana silah satmasına dair məlumatlarla bağlı danışıqlar aparır”
# 10 fevral 2009 10:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında millət vəkilləri cari məsələlərin müzakirəsi zamanı bir sıra təkliflərlə çıxış ediblər. APA-nın xəbərinə görə, millət vəkili Fəzail Ağamalı deyib ki, Azərbaycanın dövlət dilinə şəhərin mərkəzi küçələrində riayət olunmur: “Şəhərin Nizami, Səməd Vurğun, Xaqani və bir sıra başqa küçələrində ticarət, alış-veriş rus dilində aparılır. Küçələrdə rus dilində reklamlar, elanlar yerləşdirilir. Bunun qarşısını almaq lazımdır”. Deputat Qubada aşkarlanan kütləvi məzarlığın dağılmaq üzrə olduğunu bildirib. F. Ağamalı spikerin məsələ ilə bağlı prezidentə müraciət etməsini təklif edib: “Quba məzarlıq muzeyə çevrilməlidir”.

Millət vəkili Arzu Səmədbəyli dünyada gedən maliyyə böhranının ucuzlaşma ilə müşahidə olunduğunu qeyd edərək bunun Azərbaycanda baş vermədiyini deyib. O, “Müsavat” deputat qrupunun enerji daşıyıcılarının qiymətinin bir neçə dəfə aşağı salınması barədə təklifini də səsləndirib.

MM sədri O. Əsədov isə deyib ki, dünya maliyyə böhranı Azərbaycana təsir etməyəcək.

Deputat Vahid Əhmədov Rusiyanın Ermənistana silah satması barədə məsələyə diqqətlə yanaşmağın vacib olduğunu deyib: “Azərbaycan sərt reaksiya göstərməli, mövqeyini bildirməlidir. Son illər Rusiya Ermənistana 2 milyard dollardan artıq silah satıb”.

Bununla bağlı danışan spiker qeyd edib ki, Rusiyanın Ermənistana silah satması barədə məlumatlar araşdırılır, müvafiq danışıqlar gedir: “Yekunda lazım olan qərar qəbul olunacaq”.

Millət vəkili Fazil Mustafa telekanallarda loto oyunlarına xeyli verildiyini qeyd edərək, deputatların MM-dəki çıxışlarının göstərilmədiyini də qeyd edib. Deputat Bakıda şəbəkə oyunlarının geniş yayıldığını qeyd edərək bunun əhalini ələ salmaq məqsədi daşıdığını açıqlayıb: “Bundan əvvəl də belə iyunlar olub. “Muncuq əməliyyatı”nı yada salın. Hüquq-mühafizə orqanları buna münasibət bildirməlidir”.

Deputat Əhəd Abıyev də bu şəbəkənin biznesinin Azərbaycanın cənub rayonlarında xüsusilə geniş yayıldığını bildirib: “Bir qrup tanınmış iş adamı dələduzluqla məşğul olur, müxtəlif vasitələrlə camaatın əlindən qızılını, brilyantını alırlar. Hüquq-mühafizə orqanları bununla bağlı təcili ölçü götürməlidir. Şəbəkə biznesi ilə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu, referendum ərəfəsində insanlar arasında narahatlıq yarada bilər”.

Deputat Cəmil Həsənli isə Xocalı soyqırımının 17-ci ildönümü yaxınlaşdığını qeyd edərək MM-in iclaslarından birində bu məsələnin müzakirə olunmasını, açılan cinayət işinin istintaqı barədə parlamentə məlumat verilməsini təklif edib: “Biz başqalarından bu hadisəyə hüquqi qiymət verilməsini tələb etsək də, özümüz məsələnin nə yerdə olduğunu bilmirik”.

Millət vəkili Pənah Hüseyn referendumla bağlı təşəbbüs qruplarının qeydə alınması vaxtının bu gün başa çatacağını, amma müxalifətdə olan qrupların hələ də
qeydə alınmadığını bildirib. O təklif edib ki, parlament MSK-ya məsləyə müsbət baxılması ilə bağlı müraciət etsin. Deputat həmçinin Azərbaycan ərazisində terror törədən Robert Köçəryan və Serj Sarkisyanın adlarının Xocalı qətliamı ilə bağlı Hərbi Prokurorluqda açılan cinayət işlərində hallanmadığını da bildirib: “Niyə onların da adı siyahıya salınmır? Siyahıda onların da adı olmalıdır”.

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, referendumla bağlı təşəbbüs qrupları heç kimin xahişi ilə qeydə alınmır, bu məsələyə hüquqi şəkildə baxılır: “Onların qeydiyyat məsələsinə baxılacaq”.

S. Novruzov Xocalı soyqırımı ilə bağlı cinayət işi qaldırıldığını xatırladaraq deyib ki, ötən il olduğu kimi, bu ilə də lazım olsa, MM prokurorluqdan arayış tələb edə bilər.

Deputat Elmira Axundova millət vəkillərinin çıxışlarının mətbuatda obyektiv işıqlandırılmadığını qeyd edib. O, təklif edib ki, deputatların çıxışlarını işıqlandırmaq üçün ayrıca telekanal açılsın.

O. Əsədov isə bu təklifə etirazını bildirib: “Biz kimə deyə bilərik ki, deputatlara xüsusi yer ayırsın? Telekanallar müstəqildir”.

Vitse-spiker Bahar Muradova da ölkə mətbuatının MM-in fəaliyyətini kifayət qədər işıqlandırdığını deyib: “Amma baxır necə, bu məsələ müzakirə oluna bilər”.

B. Muradova referendumla bağlı müxalifət düşərgəsində fikir ayrılığının olduğunu deyib. O bildirib ki, müxalifətin bir hissəsi referendumun dayandırılmasını, digər qrupu isə onlara bu sahədə işləməyə şərait yaradılmasını istəyir.

Azərbaycanda türk dilində serialların dublyaj olunması ilə bağlı çıxarılan qərarlara etiraz edənlərin fikirləri ilə razılaşmadığını deyən B. Muradova Milli Televiziya və Radio Şurasının həm bununla, həm də xarici radiostansiyaların Azərbaycanın FM tezliyində yayımının dayandırılması ilə bağlı qərarının doğdu olduğunu deyib.

Vitse-spiker onu da bildirib ki, ümumdünya maliyyə böhranı ilə bağlı narahatlığa əsas yoxdur: “Azərbaycan bu böhrandan özünü qoruya biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR