Bank Of Baku

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası başlayıb

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası  başlayıb
# 06 sentyabr 2007 08:32 (UTC +04:00)
İclasda açılış nitqi söyləyən Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev iştirakçılara Azərbaycanın mövcud durumu ilə bağlı məlumat verib: “Azərbaycan dövlətində aktiv inkişaf proseslərinin getdiyi göz qabağındadır. Ölkədə demokratik hüquq və azadlıqlar inkişaf edir, Azərbaycan beynəlxalq birliyə uğurla inteqrasiya olunur. Ölkəmiz sülhə əsaslanan xarici siyasi kurs yürüdür. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı bütün dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata çevrilib”. Ramiz Mehdiyev MDB ölkələri arasında əməkdaşlığın daha da inkişafına münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin mane olduğunu deyib: “Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, münaqişə ölkənin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalı, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır”. Ramiz Mehdiyev çıxışında MDB məkanında mütəşəkkil cinayətkarlıq probleminə də toxunub. Daha sonra MDB Daxili İşlər Nazirləri Şurasının son sədri, Qazaxıstanın daxili işlər naziri Burcan Muhamedcan quruma rəhbərlik etdiyi dövrdə görülən işlərlə bağlı iştirakçılar qarşısında hesabatla çıxış edib və öz səlahiyyətlərini Azərbaycanın daxili işlər naziri Ramil Usubova təhvil verib. Ramil Usubov MDB Daxili İşlər Nazirləri Şurasının sədri kimi göstərdiyi uğurlu fəaliyyətə görə Burcan Muxamedcaha təşəkkür edib və təltif olunduğu “Döyüş əməkdaşlığı” medalını prezident İlham Əliyevin adından Qazaxıstanın daxili işlər nazirinə təqdim edib. Qurumun yeni sədri qismində çıxış edən Ramil Usubov bildirib ki, fəaliyyəti dövründə məhsuldar əməkdaşlığın bundan sonra daha da genişlənməsi üçün əlindən gələni əsirgəməyəcək. MDB Daxili İşlər Nazirləri Şurasının iclası davam edir. Qeyd edək ki, iclasda 11 məsələ müzakirə ediləcək. İclasın gündəliyinə müasir çağırış və təhlükələrə qarşı mübarizənin effektivliyinin artırılması, cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsi haqqında saziş layihəsi, informasiya texnologiyaları və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın effektivliyinin artırılması, daxili işlər orqanlarında kadr hazırlığı sahəsində əməkdaşlıq, MDB dövlətləri DİN əməkdaşlığının təşkilati və müqavilə-hüquq bankının öyrənilməsinin nəticəsi, vahid avtomatlaşdırılmış məlumat bankı sistemi yaradılması haqqında tədbirlər planının təsdiqi, axtarışda olan şəxslərin dövlətlərarası axtarışının vahid qaydaları haqqında təlimata əlavələr, Şuranın növbəti iclasının yeri və s. məsələlər salınıb. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR