Bank Of Baku

Vurğun Əyyub və Qulamhüseyn Əlibəyli Müsavatla AXCP-nin birləşməsini real saymır

Vurğun Əyyub və Qulamhüseyn Əlibəyli Müsavatla AXCP-nin birləşməsini real saymır
# 05 dekabr 2007 11:38 (UTC +04:00)
“Siyasi iradə olarsa, Müsavat və Xalq Cəbhəsi partiyalarının birləşməsi mümkündür. Amma hələ ki belə bir siyasi iradəni görmürəm”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub AXCP ilə Müsavatın birləşməsi barədə son günlər mətbuatda aparılan müzakirələrə münasibət bildirərkən deyib. Hansı tərəfin siyasi iradəsinin çatmadığını aydınlaşdırmağın çox çətin olduğunu bildirən V. Əyyub Müsavat daxilində rəsmi müzakirə aparılmasa da, bu ideyaya müsbət yanaşmanın şahidi olduğunu söyləyib. İndiyə qədər bu mövzuda partiyalar arasında hər hansı müzakirə aparılmadığını xatırladan V. Əyyub partiyaların birləşməsi ilə bütün problemlərin həll olunacağını düşünmür: “Amma hesab edirəm ki, problemləri azaldar. Sözsüz ki, belə müzakirələr aparmağa ehtiyac var”. V. Əyyubun fikrincə, partiyaların birləşməsini aktuallaşdıran amillərin birincisi ictimai rəydir: “Doğru və ya yanlış olaraq Azərbaycan ictimaiyyətində bu fikir özünə möhkəm yer tutub ki, bu iki partiya birləşsə, bir çox problemlər həll olunacaq. Digər tərəfdən, partiyalarımız arasında tez-tez müəyyən gərginlik yaranır və bu, təşkilatlararası mübarizəyə çevrilir. Amma müşahidə etmişəm ki, partiyaların yerli strukturlarının çox az hissəsində bu cür qarşıdurmalar baş verir və mərkəzi orqanlar arasındakı gərginlik onlara sirayət etmir”. V. Əyyub partiyaların hər ikisinin müsavatçılıq ideologiyasına əsaslandığını, yalnız taktiki məqamlarda və detallarda fərqlər olduğunu qeyd edib: “Bunları da aradan qaldırmaq asandır. Ancaq mən hələ ki belə bir təşəbbüsün rəsmi şəkildə irəli sürüldüyünü görməmişəm və gözləmirəm də. Bu birləşmənin reallaşacağına inanan azdır”.
AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli isə partiyaların birləşməsinə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, bu məsələ günün mövzusu deyil: “Partiyalar arasında məqsədlərin yaxın olmasına baxmayaraq, siyasi taktika və strategiya məsələlərində müəyyən fərqlər var. Gələcəkdə bu məsələ nə zamansa müzakirə oluna bilər. Siyasi həyatda partiyaların birləşməsi, ayrılması təbii qəbul olunmalıdır. Amma bu gün partiyaların birləşməsinə ehtiyac görmürəm. Hər ikisi aparıcı müxalifət partiyası sırasına daxildir. Müəyyən məsələlərdə fəaliyyət birliyi ola bilər. Amma təşkilatların strukturlarının birləşməsi hələ ki aktual deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR