Bank Of Baku

Eduard Şevardnadze: “Saakaşvilinin yenidən prezident seçiləcəyini demək çox çətindir”

Eduard Şevardnadze:  “Saakaşvilinin yenidən prezident seçiləcəyini demək çox çətindir”
# 26 dekabr 2007 07:28 (UTC +04:00)
- Cənab Şevardnadze, ölkədə seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiniz? Bu seçkilər Sizin dövrünüzdə keçirilən seçkilərdən nə ilə fərqlənir?
- Bu il noyabrın əvvəlində baş vermiş hadisələrə görə hazırda Gürcüstanda seçki qabağı vəziyyət olduqca gərgindir. Bu gərginliyin olmaması üçün elə mitinqlərin birinci və ya ikinci günü prezident xalqın qarşısına çıxmalı, xalqın səsinə səs verməli idi. Parlamentin qarşısına toplaşanlar oğrular deyildi, işsiz, yoxsul insanlar idi. Xalqın inandığı prezident onların qarşısına çıxmalı idi. Bu baş vermədiyinə görə getdikcə mitinq daha böyük vüsət aldı. Hökumətin xalqına qarşı güc tətbiq etməsi nəticəsində on minlərlə adam xəsarət aldı. Eyni zamanda “İmedi” telekanalının yayımının dayandırılması xalqın səbrini tükəndirdi. Belə bir gərgin vaxtda Saakaşvili daha bir səhvə yol verdi, növbədənkənar prezident seçkiləri təyin etdi.
- Nəyə görə siz Saakaşvilinin bu addımını səhv kimi qiymətləndirirsiniz?
- Çünki xalq bu seçkilərə hazır deyil. Hökumətin atdığı addımlardan onların özünün seçkiləri keçirməyə hazır olmadığını görürük.
- Ümumiyyətlə, Saakaşvili hər hansı problemlə bağlı Sizinlə məsləhətləşirmi?
- O, mənimlə heç bir mövzuda məsləhətləşmir. Keçmiş baş nazir Zurab Jvaniya sağ olanda tez-tez mənim yanıma gələrdi. Baxmayaraq ki, artıq o zaman Jvaniya müxalifətdə idi, müxtəlif problemlərlə bağlı məndən məsləhətlər alardı.
- Saakaşvilinin yerində olsaydınız, noyabr hadisələri zamanı hansı addımları atardınız?
- Nə olursa olsun, prezident həmişə xalqı ilə olmalıdır. Prezidenti xalq seçir. Mən xalqın qarşısına çıxardım. Məsələn, mənim istefaya getdiyim dönəmlərdə bir qrup gənc - təqribən 90 nəfərə yaxın adam parlamentin qarşısında toplaşmışdı. Parlamentin spikeri Nino Burcanadze də onların arasında idi. Həmin gənclər kimlərsə tərəfindən hazırlanmışdı. Mən onların qarşısına çıxaraq bir neçə dəfə onları sakitləşdirmək üçün salamladım. Lakin gənclər “İstefa!”, “İstefa!” bağıraraq mənə danışmağa imkan vermədilər, nəticədə bir cümlə belə demədən geri qayıtmağa məcbur oldum. Mən danışmasam da, bir prezident kimi xalqımın qarşısına çıxmağa cəsarət etdim.
- Fikrinizcə, prezident olduğunuz dövrdə ən böyük səhviniz nə olub?
- Mən Gürcüstana 1992-ci il martın 7-də xalqın istəyi ilə dönmüşəm. Həmin dövrdə Gürcüstan acınacaqlı vəziyyətdə idi. Ölkəni Dövlət Şurası adlanan bir qurum idarə edirdi. Gürcüstan beş-altı adamın əlində oyuncağına çevrilmişdi. Mən xalqımın və dostlarımın xahişi ilə vətənə qayıtdım. Həmin vaxtlar Almaniyanın keçmiş xarici işlər naziri Qeyşerlə dost münasibətimiz vardı. O, mənə məsləhət gördü ki, əgər legitim olaramsa, həmişə yanımda olmağa və mənə kömək etməyə hazırdır. Xatırladım ki, mən martda döndüm və artıq oktyabrda parlament seçkiləri keçirdik. Bu seçkilər Gürcüstan tarixində ən ədalətli və demokratik seçkilər oldu. Demək olar ki, 13-ə yaxın partiya parlamentdə yer qazana bildi. Baxmayaraq ki, ölkədə vətəndaş müharibəsi gedirdi, həmin dövrdə biz bir neçə islahat həyata keçirməyə nail olduq, Konstitusiya qəbul etdik. Xalqı yalnız maaşların az olması narahat edirdi, pensiyaların səviyyəsi də az idi. Camaatı parlamentin qarşısına çıxmağa vadar edən də məhz bu problemlər olmuşdu.
- Belə demək mümkündürmü ki, Sizin dönəmdə xalqın problemlərinin həllinə kifayət qədər diqqət göstərilməyib?
- Yox, xalqa lazımınca diqqət göstərilirdi, sadəcə, onların istədiklərini yerinə yetirmək üçün bizim əlimizdə kifayət qədər resurs yox idi. Ölkənin gəlirləri, maliyyə imkanları maaşları, pensiyaları artırmağa imkan vermirdi.
- Hazırda cəmiyyətdə belə bir fikir formalaşıb ki, Saakaşvili qısa müddətdə bir çox problemi həll etməyə, məsələn korrupsiyanın qarşısını almağa, pensiyaları artırmağa nail olub.
- Korrupsiyanın qarşısını almaq üçün qanunlar olmalıdır. Mən prezidentlik dövrümün son iki ilini bu qanunların hazırlanmasına sərf etmək istəyirdim. Hələ indiyədək heç bir dövlətdə korrupsiya məsələsini sonuna qədər həll edən olmayıb. Saakaşvili nazirlərin maaşlarını 2500 lariyə (təqribən 1700 dollar) yüksəltməklə bunun qarşısını almağa çalışdı. Saakaşvilinin fikrincə, nazirlərin maaşının yüksəlməsi onların rüşvətdən çəkinmələrinə gətirib çıxara bilər. Lakin aşağı təbəqənin işsizlik problemi həll olunmamış qaldı. Noyabr hadisələrinin əsas səbəblərindən biri də məhz budur.
- Hazırda kimin namizədliyini dəstəkləyirsiniz? Hansı namizədin Gürcüstana layiqli prezident olacağını düşünürsünüz?
- Deməyəcəyəm.
- Nəyə görə?
- Bu mənim sirrimdir.
- Seçkilərdə iştirak etməyə hazırlaşan namizədləri necə qiymətləndirirsiniz?
- Saakaşvilinin yaxşı perspektivləri var, ancaq onun yenidən prezident seçiləcəyini demək çox çətindir. Sorğulara əsasən, onun qalib gələcəyini proqnozlaşdırsalar da, seçkilər hələ qabaqdadır. Müxalifətin namizədləri arasında da layiqli, təcrübəli, təhsilli şəxslər var. Məsələn, Levan Qaçeçiladze xalq arasında böyük nüfuza malikdir. David Qamqrelidze də pis namizəd deyil. Badri Patarkasişvili də ən yaxşı namizədlərdən biridir. Həm pulu var, həm də ağlı. Mən Patarkasişvilinin proqramı ilə tanışam. O, işsiz insanların hər birinə 300 lari verəcəyini vəd edir. Gürcüstanda demoqrafik vəziyyət olduqca gərgindir. Bunu nəzərə alan Patarkasşvili hər ailədə doğulan ilk körpəyə 18 yaşına çatana qədər hər ay 600 lari veriləcəyini bildirir. Bütün dünyada yaşayan gürcülərin sayı cəmi 5 milyondur. 2040-cı ilə qədər Gürcüstan əhalisinin sayının həddən artıq azalacağı gözlənilir. Əgər Patarkasişvili demoqrafik artımın yüksəlməsinə nail ola bilsə, Gürcüstan tarixində silinməz iz buraxacaq.
- Dediklərinizdən belə başa düşmək olar ki, Siz onu başqa namizədlərə nisbətən daha çox dəstəkləyirsiniz...
- Bilirsiniz, məsələn, Qamqrelidzenin pulu yoxdur, malik olduğu kiçik biznes hesabına seçki qabağı kampaniyasını aparmağa çalışır. O cümlədən Qaçeçiladze ağıllı adamdır, ancaq yenə də pulu yoxdur. Patarkasişvili isə ağıllı olmaqla yanaşı, həm də külli miqdarda vəsait sahibidir.
- Prezidentliyə keçmiş namizəd azərbaycanlı Fazil Əliyev bəyanatlarının birində bildirib ki, Siz seçkilərdə ona səs verəcəyinizi söyləyibsiniz. Doğrudanmı, Siz belə bir bəyanat vermisiniz?
- Yalan danışmaq günah deyil. Ancaq o, namizədliyini gərək geri götürməyəydi. Çünki qalib gəlməsə də, kifayət qədər səs toplaya bilərdi. Gürcüstanda 400 000 mindən artıq azərbaycanlı yaşayır. Fazil müəllim yaxşı səs qazana bilərdi.
- Gürcüstanda yaşayan azərbaycanlıların dövlət qurumlarında az təmsil olunmasının səbəbini nədə görürsünüz?
- Bilirsiniz, Gürcüstanda dövlət dili gürcü dilidir. Burada yaşayan azərbaycanlılar isə rəsmi dili yüksək səviyyədə bilmirlər. Onlar gürcü dilini başa düşsələr də, bu onların işlə təmin olunması üçün kifayət deyil. Mən prezident olduğum dönəmdə bu problemi həll etmək üçün Marneulidə Kənd Təsərrüfatı Universitetinin filialını yaratdım. Mütəmadi olaraq təhsil ocağına baş çəkirdim və nəticələr məni çox sevindirdi. Azərbaycanlılar gürcü dilində çox gözəl və səlis danışırdılar. Ancaq bu problemi bir gün içərisində həll etmək mümkün deyil.
- Ancaq problem yalnız dil məsələsi deyil, eyni zamanda azərbaycanlıların zəif mövqedən çıxış etmələrinin də buna böyük təsiri var, deyilmi?
- Fikrimcə, azərbaycanlılar heç də həmişə zəif mövqedə olmayıblar. Burada problem dövlət başçısındadır. Dövlətin başçısı hər bir vətəndaşına eyni səviyyədə qayğı göstərməlidir. Azərbaycanlıların cəmiyyətə inteqrasiyası üçün şərait yaradılmalıdır.
- Necə düşünürsünüz, Siz istefaya getdikdən sonra gürcü-osetin və gürcü-abxaz münaqişələrinin həlli istiqamətində irəliləyişlər olubmu?
- İndiyədək münaqişələrin həllində böyük dönüş yarada biləcək heç bir irəliləyiş baş verməyib. Bilirsiniz, münaqişələrin həll edilməsi üçün ilk növbədə dövlət başçıları arasında yaxşı münasibət olmalıdır. Onda sən də öz arqumentlərini ortaya qoyub müzakirə edə bilərsən. Putin çox güclü prezidentdir, sadəcə, onunla dil tapıb danışmaq lazımdır. İndi Medvedevin namizədliyi irəli sürülüb, lakin xalq arasında Putinin çox böyük hörməti və avtoriteti var.
- Az öncə Lujkov Abxaziyanın suverenliyinin tanınmasının mümkünlüyü ilə bağlı bəyanat verib. Buna münasibətiniz necədir?
- Bu, axmaqlıqdır. Kimsə Abxaziyanın suverenliyini tanımağa çalışarsa, bu, elə də asan olmayacaq. Belə olsa, silahlı qarşıdurma da qaçılmazdır. Bu, Rusiyanın özü üçün çox pis nümunə olar. Rusiyanın tərkibində Tatarıstan, Çeçenistan, Dağıstan kimi respublikalar var ki, şans gözləyir. Belə olacağı təqdirdə, onlar da azadlıq tələb etməyə başlayacaqlar. Rusiya heç bir zaman yalnız slavyanlardan ibarət dövlət olmayıb. Bu dövlətin tərkibində slavyanlar əhalinin cəmi 42 faizini təşkil edir. Abxaziyanın suverenliyinin tanınması Rusiyanın özü üçün ən təhlükəli addım ola bilər.
- Sonuncu sual. Yenidən prezident olsaydınız, ilk olaraq hansı addımı atardınız?
- Yəqin ki, bir də heç vaxt prezident olmayacağam. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR