Bank Of Baku

“Milli təhlükəsizlik elementləri və dəyişən dünyada milli təhlükəsizliyə təsir edən amillər” mövzusunda dəyirmi masa keçirilib

“Milli təhlükəsizlik elementləri və dəyişən dünyada milli təhlükəsizliyə təsir edən amillər” mövzusunda dəyirmi masa keçirilib
# 26 dekabr 2007 12:26 (UTC +04:00)
Sülh və Münaqişələrin Həlli Mərkəzi “Milli təhlükəsizlik elementləri və dəyişən dünyada milli təhlükəsizliyə təsir edən amillər” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə siyasi partiyaların təmsilçiləri, politoloqlar iştirak ediblər. Mərkəzin direktoru Elxan Mehdiyev rəhbərlik etdiyi qurumun mövzu ilə bağlı gənclər arasında sorğu keçirdiyini deyib. Onun sözlərinə görə, burada məqsəd gənclərin ölkənin milli təhlükəsizliyini necə başa düşdüklərini, ona yönəlmiş təhlükə və təhdidləri necə anladıqlarını təhlil etmək və bu sahədə hansı maarifləndirmə tədbirləri həyata keçirməyin yollarını öyrənmək olub. Sorğu Azərbaycan Dövlət Dillər İnstitutu, İqtisad Universiteti və Bakı Dövlət Universitetində keçirilib. Milli təhlükəsizlik elementləri kimi gənclərin 34.6 faizi güclü ordunu göstəriblər. Respondentlərin 46 faizi milli təhlükəsizliyə zərər vuran amil kimi korrupsiyanı qeyd edib. Gənclərin 70.2 faizi Azərbaycanın milli təhlükəsizliyinə daha çox təhlükə yaradan dövlətlər sırasında Ermənistanı göstəriblər. Bu sırada ikinci yerdə Rusiya, üçüncü yerdə ABŞ, dördüncü yerdə İranın adı göstərilib. Sorğu iştirakçılarının 30 faizi hesab edir ki, regional və beynəlxalq təşkilatlar içərisində NATO Azərbaycanın milli təhlükəsizliyinə daha çox yardımçı ola bilər. Sorğunun nəticələrinə görə, Qarabağ azad olunduqdan sonra ölkəmizin tam təhlükəsizliyi təmin olunacaq (44.8%). E. Mehdiyevin fikrincə, son günlər Azrbaycanla İran arasında baş verən olaylar, Xəzərin statusunun müəyyənləşdirilməməsi, xarici şirkətlərin Azərbaycanda infrastruktur qurması və digər məsələlər milli təhlükəsizliyə ciddi təhlükə yaradır. O, İran və Türkiyə sərhədlərində PKK təhlükəsinin olmasının da Azərbaycan üçün təhlükə yaratdığını vurğulayıb. Millət vəkili Nəsib Nəsibli, politoloqlar İlqar Məmmədov, Hikmət Hacızadə, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər mövzu ilə bağlı öz fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR