Bank Of Baku

Fəqani Məhərrəmov: “AMİP sədri postuna namizədliyimi irəli sürəcəyəm”

Fəqani Məhərrəmov: “AMİP sədri postuna namizədliyimi irəli sürəcəyəm”
# 29 dekabr 2007 15:23 (UTC +04:00)
“Azərbaycan Milli İstiqlal Partiyasının qurultayında sədrliyə öz namizədliyimi irəli sürəcəyəm. Mənim namizədliyimi kifayət qədər rayon təşkilatları dəstəkləyəcək. Etibar Məmmədovun dəstəyini almaq lazım gəlsə, buna da cəhd edəcəyəm”. Bu açıqlamanı APA-ya AMİP-in Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov verib. Partiyanın rəhbərliyinin dəyişməsi üçün iki ay öncə Goranboy rayon təşkilatının “Ya tamam, ya davam” aksiyasına başladığını deyən F. Məhərrəmov Ayaz Rüstəmovun sədrlikdən istefa verməsi ilə aksiyanın birinci mərhələsinin başa çatdığını deyib: “Biz bu aksiyaya ona görə başlamışdıq ki, partiya rəhbərliyi AMİP-i yeni dövrə hazırlamırdı. Bir sıra rayon təşkilatları bu aksiyada bizə dəstək verdilər. Biz qurultayın çağırılmasını tələb edirdik və aksiyanın nəticəsi olaraq Ayaz Rüstəmov istefa verdi. Təxminən 2008-ci il martın ortalarında qurultay çağırılacaq və inanıram ki, orda Mərkəzi Şuranın sədri də dəyişəcək. Çünki bu aksiya təkcə sədrə qarşı deyildi, ümumilikdə rəhbərliyə qarşı idi”. F. Məhərrəmov bildirib ki, qarşıdan prezident seçkiləri gəlir və AMİP bu mərhələyə yeni prinsiplərlə hazırlaşmalıdır. O, AMİP-in bir çox rayon təşkilatlarının onun namizədliyinə dəstək verəcəyini bildirib: “Həmin rayon təşkilatları aksiya müddətində də bizə dəstək verdilər. Artıq namizədliyimlə bağlı ilkin danışıqlar başlayıb və bu fikrimdə qətiyəm. Partiyanın Dəvəçi, Lerik, Gəncə təşkilatları başda olmaqla bir çox yerli təşkilatlar bizə dəstək verir. Qarabağ, Aran bölgəsində də kifayət qədər dəstəyimiz var. Qurultay ərəfəsində təbliğatımızı daha da gücləndirəcəyik. 2008-ci il seçkilərinin məsuliyyətini rayon təşkilatları öz üzərlərinə götürəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR