Bank Of Baku

Əli Həsənov: “2008-ci ilin Azərbaycan üçün gərgin olacağını düşünmürük”

Əli Həsənov: “2008-ci ilin Azərbaycan üçün gərgin olacağını düşünmürük”
# 08 yanvar 2008 12:30 (UTC +04:00)
- 2007-ci il üçün Azərbaycanda ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Ötən ildə Azərbaycanda sabit ictimai-siyasi vəziyyət və dinamik inkişaf müşahidə olunub. Ölkənin daxilində və xaricdə hökumətin mövqeyinin gücləndirilməsi, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və şəffaflaşdırılması baş verib. Digər tərəfdən, ölkədə siyasi sistemin əsasını təşkil edən institutların fəaliyyətində inkişaf müşahidə olunub. Yeni siyasi partiyaların yaradılması, partiyadaxili proseslərdə ayrı-ayrı qrupların ayrılaraq yeni siyasi fəaliyyət mərkəzləri formalaşdırması da qeydə alınıb. Azərbaycanın kütləvi informasiya vasitələri sahəsində yeniliklər baş verib. Yeni televiziya və digər mətbuat vasitələri açılıb. Siyasi plüralizm mühiti genişlənərək müasir tələblərə cavab verib. Ötən il həmçinin iqtidar-xalq münasibətləri kifayət qədər normal olub, hakimiyyətin yürütdüyü siyasət Azərbaycan vətəndaşları tərəfindən dəstəklənib. Bu da iqtidarın yürütdüyü iqtisadi, sosial, mənəvi sahədəki digər islahatların əsas hərəkətverici qüvvəsi olub. Milli və dini vəziyyət də kifayət qədər sabit olub. Azərbaycanın tolerant mühiti bir az da genişlənib, dinlərarası və millətlərarası münasibətlərdə ciddi problemlər yaşanmayıb. Bütövlükdə 2007-ci il Azərbaycan üçün uğurlu olub.
- Amma bu il prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, ictimai-siyasi vəziyyətin daha gərgin olacağını söyləmək olarmı?
- 2008-ci ilin Azərbaycan üçün gərgin olacağını düşünmürük. Sadəcə, cəmiyyətin ictimai-siyasi həyatında daha dinamik il olacaq. Həm siyasi, həm ictimai, həm də ümumiyyətlə, cəmiyyətin həyatında prezident seçkiləri ilə bağlı daha dinamik proseslərin baş verəcəyi gözlənilir. Biz bunu da dəyərləndirir və normal qiymətləndiririk. Hər bir ölkədə seçki ilində cəmiyyətin aktivliyi bir az da yüksəlir. Biz də 2008-ci ildə belə bir aktivlik gözləyirik. Lakin 2008-ci ildə vəziyyətin gərgin olacağı ilə bağlı proqnozlara pessimist yanaşırıq.
- Bu il həm də ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar kütləvi aksiyaların çoxluq təşkil edəcəyi gözlənilir...
- Artıq respublikanın bütün yerli icra hakimiyyəti strukturları qarşıdan gələn seçki kampaniyaları dövründə namizədlərin seçicilərlə görüşü, eyni zamanda bu və ya digər aksiyalar keçirilməsi üçün həm açıq havada, həm də qapalı şəraitdə müvafiq yerlər ayırıb. Seçkiqabağı kampaniyanın aparılması üçün qanunvericilikdə nəzərdə tutulan bütün müddəa və şərtlərə əməl olunacaq.
- Bəs hakimiyyət seçkiyə necə hazırlaşır?
- Biz seçkilərə bir neçə istiqamətdə hazırlaşırıq. Birincisi, Azərbaycan prezidenti İlham Əliyev 2003-cü ildə seçicilər qarşısında verdiyi vədlərə uyğun olaraq fəaliyyətini davam etdirir. Azərbaycanın daxili və xarici inkişafı ilə bağlı mühüm dövlət proqramlarını reallaşdırır. Digər tərəfdən, qarşıdakı seçkilərdə seçki institutlarının fəaliyyətini müasir standartlara uyğunlaşdırmaq, qanunvericiliyin tələblərinə müvafiq olaraq yerlərdə, dairə və məntəqələrdə seçki hazırlıqları həyata keçirmək və digər işlərlə məşğuluq. Yerli və mərkəzi icra hakimiyyəti orqanları qanunlara uyğun olaraq həm seçkilər, həm də bütövlükdə ölkənin idarəçiliyi ilə bağlı lazımı idarəçilik məsələlərini həyata keçirirlər.
- 2007-ci ildə Azərbaycanda mətbuatın vəziyyətini necə qiymətləndirirsiniz?
- Bütövlükdə ötən il Azərbaycan mətbuatının vəziyyətini normal qiymətləndirmək olar. Düşünürük ki, ölkədə mətbuat heç bir ciddi böhranla üzləşməyib, kütləvi informasiya vasitələri bu və ya digər yollarla fəaliyyətini dayandırmayıb, onlara bu yöndə təzyiq olmayıb. Təkcə “Realnıy Azerbaydjan” qəzeti fəaliyyətini dayandırıb ki, bununla da bağlı kifayət qədər açıqlamalar olub. Bundan başqa, həm qəzetlərin sayı, həm də keyfiyyəti baxımdan inkişaf baş verib. O ki qaldı ötən il jurnalistlərlə ayrı-ayrı şəxslər arasındakı məhkəmələrə, biz bunun da normal hal olduğunu düşünürük. Hüquqi dövlətdə hər kəsin öz hüquqlarını qoruması yalnız məhkəmə yolu ilə təsbit olunubsa, deməli, həmin şəxslərin onların hüquqlarını pozan jurnalistlərə qarşı məhkəmə iddiası qaldırması təbiidir. Biz bu məhkəmələrin bəzi jurnalistlərin həbsi ilə nəticələnməsindən təəssüflənirik. Yenə də dövlət başçısı humanizm prinslərindən çıxış edərək, Azərbaycanda söz və mətbuat azadlığına dövlətin münasibətini nümayiş etdirib onların bir çoxunu əfv etdi. Bütün bunları nəzərə alaraq, 2007-ci il Azərbaycanda mətbuatın inkişafında məqbul il hesab oluna bilər.
- Bu il mətbuatın inkişafına dəstəklə bağlı Dövlət Proqramının təsdiqlənəcəyi də gözlənilir...
- Ötən il QHT-lərə dövlət dəstəyini nəzərdə tutan konsepsiya imzalanıb. Bu məsələ artıq reallaşmaq üzrədir. Belə bir layihənin mətbuatla da bağlı reallaşdırılması üzərində iş gedir. Bu işin aparılması birbaşa Mətbuat Şurasının rəhbərliyi ilə işçi qrupuna həvalə olunub. Həmin qrupda dövlət nümayəndələri də iştirak edir. Düşünürük ki, həmin proqram hazırlanıb, müəyyən mərhələlərdə müzakirə edildikdən sonra dövlət başçısına məruzə olunacaq və sonrakı addımlar müəyyənləşəcək.
- Sizcə, bu proqram mətbuatın vəziyyətində müsbətə doğru dəyişiklik yarada biləcək?
- Bəli. Biz bu proqramı ona görə qəbul edirik ki, Azərbaycanda müstəqil mətbuatın əhatə dairəsi daha da genişlənsin, onun maddi-texniki bazası güclənsin. Bu proqram mətbuatın ayrı-ayrı düşərgələrdən, siyasi qurumlardan, bütövlükdə ayrı-ayrı insanlardan asılılığının azaldılması üçün qəbul olunacaq.
- Dövlət qəzetlərinin qiymətlərinin artırılması məsələsinə münasibətiniz necədir?
- Dövlət qəzetləri qiymətlərini artıran sonuncu mətbuat orqanları idi. Düşünürəm ki, bu da normaldır. Bu gün cəmiyyətdə bütün sahələrdə maaşların qalxdığı, əhalinin maddi gəlirlərinin artdığı, ayrı-ayrı xidmət növlərinin qiymətlərinin bahalaşdığı dövrdə mətbu nəşrlərin qiymətində baş verən on qəpiklik artım normaldır.
- 2008-ci ildə Azərbaycan mediasını nə gözləyir?
- Azərbaycan mediası tam demokratik, siyasi plüralizm şəraitində fəaliyyət göstərir. Bu il də bizim medianın belə şəraitdə fəaliyyət göstərmək imkanı olacaq. Kimin fəaliyyəti qanunlara, cəmiyyətin inkişaf tendensiyalarına və müasir jurnalistikanın tələblərinə uyğun olacaqsa, onları həmişəki kimi, yenə də inkişaf gözləyir. Kim ki yenə də qələmindən sui-istifadə edərək, ayrı-ayrı insanları təhqir edəcəksə, adamların şərəf və ləyaqətini alçaltmaq yolu tutacaqsa, onlar da qanun qarşısında cavab verməli olacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR