Bank Of Baku

Deputat İltizam Əkbərli: “Müsavatdan özümə qarşı bu münasibəti gözləmirdim”

Deputat İltizam Əkbərli: “Müsavatdan özümə qarşı bu münasibəti gözləmirdim”
# 09 yanvar 2008 09:44 (UTC +04:00)
- Hansı peşənin sahibisiniz?
- Orta məktəbi qurtarandan sonra sənədlərimi hüquq fakültəsinə təqdim etdim. Ancaq 70-ci illərdə kasıb uşaqlarının bu fakültəyə qəbulu qeyri-mümkün idi. Aldığım qiymətlər yüksək müsabiqədən keçməyə imkan vermədi. Növbəti il isə heç sənədlərimi də qəbul etmədilər. Yadıma gəlir ki, sənədlərimi qəbul etdirmək üçün başqa uşaqlarla birgə 2 gün universitetin həyətində gecələməli olduq, amma yenə olmadı. Sənədlərin qəbulu vaxtının qurtarmasına az qalmış çarəsiz Azərbaycan Pedaqoji İnstitutuna təqdim edib, tarix fakültəsinə qəbul oldum.
- Deputat seçilənə kimi nə işlə məşğul olmusunuz?
- Əbülfəz Elçibəy hakimiyyətinin idarəetmə təcrübəsi olan icra başçılarından biri də mən idim. Bu vəzifəyə qədər 8 il İmişli Rayon İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə işləmişəm, texniki katibdən təşkilat şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişəm. O vaxt RİK iclasının gündəliyinə çıxarılan qərar layihələrinin, həmçinin rayon sovetinin gündəliyində olan məsələlərin xeyli hissəsini mən hazırlayırdım. Hətta SSRİ Ali Sovetinə, həmçinin Azərbaycan Ali Sovetinə rayondan seçilmiş deputatların çıxışlarını da əksər vaxt özüm hazırlamışam. O vaxt işim elə tələb edirdi ki, tez-tez Ali Sovetə, yəni indiki parlamentə gəlib-gedirdim. Onu da deyim ki, bəlkə də bütün ölkə üzrə yeganə adam idim ki, kommunist olmaya-olmaya RİK-də təşkilat şöbəsinin müdiri işləyirdim.
- Amma deputat seçilənə kimi siyasi fəaliyyətlə hadisələrin mərkəzindən uzaqda, rayon mühitində məşğul olmusunuz...
- 1992-1993-cü illərdə İmişlinin icra başçısı oldum. 1993-cü ilin məlum hadisələrindən sonra isə əvvəlcə Azərbaycanı tərk etmək istədim, lakin sonradan fikrimi dəyişdim. O vaxt çoxlarından fərqli olaraq dərk edirdim ki, ölkədə çox ciddi hadisələr baş verib, bu vəziyyətin dəyişdirilməsi asan olmayacaq. Bunu bilə-bilə ölkədə qaldım, rayon səviyyəsində siyasi fəaliyyətimi davam etdirdim. O vaxt rayonda siyasi fəaliyyətlə məşğul olmağın hansı məhrumiyyətlər hesabına başa gəldiyini təsəvvür etmək çətin deyil. Həmin vaxtdan deputat seçilənədək işsiz qaldım, təzyiqlərə məruz qaldım, dəfələrlə polis şöbəsinə aparıldım. Hətta 2003-cü il hadisələrindən sonra 5 günlük həbsxana həyatı da yaşadım.
- Niyə 2005-ci il parlament seçkilərinə “Azadlıq” blokunun namizədi kimi qatılmadınız?
- O vaxt AXCP və ADP bütün mümkün vasitələrlə mənim blokun namizədi olmağıma imkan vermədilər. Alternativ namizəd verdilər, hərtərəfli əks təbliğat apardılar. O vaxt bu, məni çox ağrıtdı. İndi də başa düşə bilmirəm ki, AXCP və ADP rəhbərliyi müdafiə etdikləri şəxsin perspektivsiz olduğunu o zaman nə səbəbdən görə bilməmişdi. Bütün ölkə miqyasında siyasətçi kimi tanınan şəxslərin şanslı namizədləri görə bilməməsi onlar üçün o qədər də yaxşı göstərici deyil. Elə o şəxsi iddiaların qabardılması, seçkini udmaq üçün real imkanları olan insanların vurulması, yalnız statistika xatirinə namizədlər irəli sürülməsi praktikası əksər seçkilərdə müxalifəti gülünc vəziyyətə qoyub. Mən blokun namizədi olmadığım üçün onların parlamentə getməmək barədə bəyanatını da imzalamadım, ancaq Müsavatın üzvü olduğuma görə partiyanın qərarını gözlədim. Ona görə də parlamentdəki fəaliyyətimdə bu blokdakı partiyalar qarşısında heç bir məsuliyyətim yoxdur.
- Amma Müsavat Partiyası və burda olan həmkarlarınız Sizin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilməyinizi qəbul etmədilər...
- Bəli, Müsavat mənim Avropa Şurasına namizədliyimi qəbul etmədi. Bunu təbii qarşıladığımı desəm, yalan olar. Bu məsələnin müzakirə edildiyi aylar mənim həyatımın ən ağır ayları oldu. Hətta deyə bilərəm ki, 93-cü il hadisələrindən sonra belə psixoloji gərginlik keçirməmişdim. Mən Müsavatdan özümə qarşı bu münasibəti gözləmirdim. Çünki bu məsələ tamamilə fərqli formada həll edilməli idi. Siyasət adamları hətta ziyandan da bəhrələnməyi bacarmalıdır. Bizim ortaya qoyduğumuz mövqedən isə ancaq hakimiyyət uddu.
- Müsavat Partiyasının Avropa Liberal İttifaqına daxil olmasını necə qarşıladınız?
- Mən bu məsələyə geniş toxunmaq istəmirəm. Ancaq onu demək istəyirəm ki, partiyanın əsas şüarına uyğun olaraq, həmişə proqramda insan haqlarının daha geniş formada təsbit olunmasının tərəfdarı kimi çıxış etmişəm. O fikrin tərəfdarı olmuşam ki heç bir milli, dövlət, şəxsi maraq insan haqlarının pozulması üçün əsas ola bilməz.
- Müxalifətin zəif fəaliyyət göstərməsi ilə razılaşırsınızmı və bunun səbəbini nədə görürsünüz?
- Bəli, bu gün müxalifət zəif görünür. Ancaq Siz də mənimlə razılaşın ki, indi iqtidar partiyasının özü də çox zəif görünür. Bunu rayonlarda daha aydın görmək olur.
- İsa Qəmbərlə Əli Kərimlinin görüşməsi müxalifəti birləşdirə bilərmi?
- Son on beş ildə müxalifət liderləri arasında olan və bizim hamımızın ürək ağrısı ilə izlədiyimiz bu gərgin münasibətlər təəssüf ki, yerlərə təsirsiz ötüşməyib. Bəzi rayonlarda təşkilatlardakı insanlar arasındakı münasibətlər, deyərdim ki, hətta düşmənçilik səviyyəsindədir. Ona görə də rayon çərçivəsində uzun müddət siyasi fəaliyyətlə məşğul olan biri kimi, inanmıram ki, paytaxtda bu və ya digər müxalifət rəhbərinin haradasa görüşməsi və ya bir masa arxasında əyləşməsi mexaniki olaraq rayonlardakı təşkilatları birləşdirəcək. Bunun üçün çox ciddi işləmək lazımdır. Seçkilərin sürətlə yaxınlaşmasına baxmayaraq, təəssüf ki, biz bunu görmürük.
- Müxalifət düşərgəsindəki bəzi partiyalar bu il Azərbaycanda keçiriləcək prezident seçkilərini boykota çağırır...
- Mən həmişə seçkilərdə iştirakın tərəfdarı kimi çıxış etmişəm. Etiraf edək ki, ölkədəki real vəziyyət siyasi partiyaların ancaq seçki ilində az-çox siyasi fəaliyyətlə məşğul olmasına imkan verir. Bundan da imtina etmək partiyaların cəmiyyətdən, insanlardan tamamilə təcrid edilməsinə, nəticədə isə üzvlərinin passivləşməsinə və siyasi fəaliyyətdən uzaqlaşmasına gətirib çıxarır. Mənim bu fikirlərim son 15 ilin təcrübəsinə əsaslanır. Bu gün yenidən “boykot” sözü tez-tez işlədilir. Təəssüflər olsun ki, bu sözün mahiyyətinə varmadan biz bir çox hallarda “boykot edirik” adı altında əslində seçki kimi mühüm siyasi prosesdən kənarda qalıb, yalnız baş verən mənfilikləri müşahidə etməklə məşğul olmuşuq. Siyasi proseslərə belə yanaşma ilə ötən illər ərzində kifayət qədər şansları əldən buraxmışıq. Eyni zamanda vahid namizəd məsələsinə bu qədər vaxt ayrılmasının da tərəfdarı deyiləm. Müsavatın rayon təşkilatının sədri olaraq, son 10 il müddətində bu məsələnin seçkidən-seçkiyə gündəliyə gətirilməsinin xeyrindən çox, ziyanını müşahidə etmişəm. Bu müzakirələr müxalifət təşkilatlarını birləşdirməkdənsə, daha da bir-birindən uzaqlaşdırıb. Daha doğrusu, bu nəticəsiz müzakirələr rayonlardakı təşkilatlar arasında münasibətləri ağlagəlməz səviyyədə gərginləşdirib. Artıq məndə belə bir fikir formalaşıb ki, bir çox siyasətçilər bu mövzunu məhz müxalifətçiləri bir-birinə qarşı qoymaq üçün ortaya atırlar. Ona görə də bu müzakirələrə aludə olub münasibətləri bir qədər də korlamaqdansa, bütün qüvvələrin seçki hazırlığına yönəldilməsini daha məqbul hesab edirəm.
- İndidən prezident seçkiləri ilə bağlı nə söyləmək olar?
- İndidən seçkilərin nəticəsi haqqında danışmaq tezdir. Digər tərəfdən “saxtalaşdırılacaq”, “ədalətli olmayacaq” deyib insanlarda ruh düşkünlüyü yaratmağın da ziyanlı tərəfi haqqında düşünmək lazımdır. Bu gün seçkilərin nəticəsi ilə əlaqədar mətbuatda yazılanların əksəriyyətini bölüşmürəm. Hesab edirəm ki, seçki kampaniyasının ilk ayında onun nəticəsi barədə bizdə artıq təsəvvürlər olacaq. Əgər bizim həqiqi mənada seçkiləri boykot etməyə gücümüz olacaqsa, o vaxtı bu məsələni müzakirə etməyə kifayət qədər vaxtımız da olacaq.
- Parlamentdəki fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Parlamentdə indiyə kimi bacardığım formada xeyli çıxışlar etmişəm. Təəssüflər ki, bizim çıxışlarımız televiziyada verilmir. Əgər əvvəllər hərdən bir çıxışlarımızdan bir neçə cümlə efirə verirdilərsə, indi bu da yoxdur. Bizdən çıxış etməyən deputat obrazı yaratmağa çalışırlar. Çıxış etməyən, seçicilərinin problemlərini parlamentə daşımayan deputatın növbəti dəfə seçilmək şansı isə təbii ki, xeyli azalacaq. Deyim ki, hakimiyyət texnoloqları xeyli dərəcədə məqsədlərinə nail olan kimi də görünürlər. Bəzi insanlar küçədə bizi saxlayaraq, parlamentdə çıxış etməməyimizin səbəblərini soruşurlar. Bizim çıxışlarımızdan ancaq qəzet oxuyan seçicilərimizin xəbəri olur ki, bu da böyük sayı əhatə etmir. Nəticədə isə çox anormal vəziyyət yaranır. Yerlərdə seçicilərimiz bizi çıxış etməməkdə qınayır, parlamentdə akkreditə olunmuş jurnalistlər isə seçicilərimizin problemlərindən daha çox danışdığımıza görə bizi sorğunun qalibi elan edir.
- Həyatınızda ən çox yadda qalan hadisə hansı olub?
- 1992-ci ildə Azərbaycan-İran sərhədinin Biləsuvar zastavasında rus bayrağının endirilməsi və yeni, milli forma geyinən Azərbaycan əsgərlərinin qarşısından keçərək ilk dəfə Azərbaycan bayrağının qaldırılması şərəfi mənə qismət olub. Həmin vaxt keçirdiyim hisslər məni qəhərləndirdi. Bu, mənim həyatımın ən yadda qalalan hadisəsi idi.
- Hansı musiqiləri dinləyirsiniz?
- Gənclik illərində Demis Russosun vurğunu olmuşam. Daha sonra isə Pavarottini dinləməkdən zövq almışam. Özümüzünkülərdən isə Rəşid Behbudovun, Alim Qasımovun və Azərinin ifasında mahnıları dinləməyi daha çox xoşlayıram. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR