Bank Of Baku

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri başlayıb

ATƏT-in Minsk Qrupunun  həmsədrlərinin regiona səfəri başlayıb
# 13 yanvar 2008 20:52 (UTC +04:00)
Bu gün günorta saatlarında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Bakıya gəlib. Axşam saatlarında isə amerikalı həmsədr Metyu Brayza və fransalı həmsədr Bernar Fasie Bakıya gəliblər. APA-nın Heydər Əliyev Beynəlxalq Hava Limanında olan xüsusi müxbiri Tamara Qriqoryevanın verdiyi məlumata görə, M. Brayza jurnalistlərə açıqlamasında danışıqları davam etdirəcəklərini bildirib. Onun sözlərinə görə, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sonuncu görüşlərində tərəflərə təqdim etdikləri yeni təkliflərə münasibət öyrənməkdir. Amerikalı həmsədr həmçinin bu dəfə tərəflərin təmas xəttində ATƏT-in keçirdiyi növbəti monitorinqdə iştiraklarının gözlənildiyini söyləyib. Onun sözlərinə görə, onlar belə bir prosesdə iştiraklarının baş tutacağına ümid edirlər.
Ermənistandakı prezident seçkiləri öncəsi sülh sazişinin imzalanmasını real saymadığını söyləyən M. Brayza bu müddət ərzində danışıqlar prosesini irəli aparmağın mümkünlüyünün istisna edilmədiyini vurğulayıb.
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie isə yeni ildə tərəflərə Dağlıq Qarabağ prosesində irəliləyişlər olmasını arzulayıb . Onun sözlərinə görə, 2007-ci ildə prosesdə heç bir irəliləyiş əldə olunmadığını söyləyənlər Madrid görüşünün təfərrüatlarından xəbərsizdirlər. B. Fasienin fikrincə, Madriddə ATƏT-ə həmsədr ölkələr bir yerdə işləyərək, tərəflərə yeni təkliflər təqdim ediblər. O, tərəflərdən birinin bütün təklifləri qəbul edəcəyini və ya bütün güzəştlərə hazır olacağını gözləmədiyini də deyib: “Bu. elə bir prosesdir ki, burda hər iki tərəf müəyyən güzəştlərə getməlidir”.
B. Fasie Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovla görüşlə bağlı suala müsbət cavab verib. O bildirib ki, geniş tərkibdə işləmək prosesə müsbət nəticələr gətirə bilər.
Fransalı həmsədr bu il Azərbaycan və Ermənistanda keçiriləcək seçkilərin danışıqlar prosesini dondurmayacağına ümid etdiyini bildirib. O, hər iki ölkə prezidentinin müzakirə etməyə nəsə olanda bu prosesə hazır olmalarını bəyan etmələrindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda bir araya gələrək, müzakirələr aparacaqlar. Sabah isə onlar Azərbaycan XİN-də görüş keçirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR