Bank Of Baku

Belarusda səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu ölkənin baş naziri və fövqəladə hallar naziri ilə görüşüb

Belarusda səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu ölkənin baş naziri və fövqəladə hallar naziri ilə görüşüb
# 18 yanvar 2008 15:27 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya daxil olan məlumata görə, Ə. Bariyevlə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, nazirliklər arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadənin əhəmiyyətli olduğu bildirilib. K. Heydərov Azərbaycan FHN-in beynəlxalq tələblərə uyğun formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin müxtəlif aspektlərinə toxunub. Öz növbəsində Ə. Bariyev azərbaycanlı həmkarları ilə əməkdaşlıqdan razı qaldığını dilə gətirib, iki ölkənin FHN strukturlarının üzərinə müxtəlif xarakterli təhlükələr barədə təkcə əhalini xəbərdar etmək deyil, həmçinin onun törədəcəyi fəsadların qarşısının vaxtında alınması kimi mühüm vəzifələrin düşdüyünü bildirib.
Səfər çərçivəsində K. Heydərov Belarusun baş naziri Sergey Sidorski ilə də görüşüb. S. Sidorski Azərbaycan-Belarus münasibətlərinin bütün səviyyələrdə inkişafı üçün böyük perspektivlərin olduğunu, 2006-cı ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərinin qarşılıqlı əlaqələrin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. Yeni yaradılan Azərbaycan FHN-in fəaliyyət istiqamətləri ilə maraqlanan baş nazir iki ölkənin uyğun qurumları arasında ötən ilin martında imzalanan 2007-2010-cu illər müddətində əməkdaşlıq barədə kompleks fəaliyyət planının yaxşı perspektivlər vəd etdiyini bildirib. K. Heydərov bu səfərin Azərbaycan-Belarus münasibətlərinin dinamik inkişafına müsbət təsir göstərəcəyinə əminliyik ifadə edərək prezident İ. Əliyevin Belarusa rəsmi səfərindən sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində artıq konkret nəticələrin əldə olunduğunu vurğulayıb. K. Heydərov rəhbərlik etdiyi nazirliyin fəaliyyət istiqamətləri haqqında da ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumlarının birgə fəaliyyətinin fövqəladə hallara qarşı mübarizəyə müsbət təsirindən danışıb. O, nazirliyin formalaşmasında belaruslu həmkarlarının da təcrübəsinə müraciət edildiyini bildirib. Nazir eyni zamanda iki ölkənin müvafiq strukturları arasında yüksələn xətt üzrə inkişaf edən əməkdaşlığın davam edəcəyini, bu sahədə tərəfdaşlığın hər iki quruma xeyli fayda verəcəyini diqqətə çatdırıb.
Daha sonra həmkarı Ə. Bariyevlə Belarus FHN-in Mühəndis Komanda İnstitutunda olan K. Heydərov və nümayəndə heyətinin üzvlərinə təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barəsində ətraflı məlumat verilib. İnstitutun maddi texniki bazası ilə tanışlıqdan sonra təhsil alan kursantların paradı olub.
Yaradılan qərargahda belaruslu həmkarlarının fövqəladə vəziyyətlərdə xilasetmə əməliyyatları, yanğın təhlükəsizliyi sahəsində görülən tədbirlərlə bağlı fəaliyyətini izləyən K. Heydərov sonra Komanda Mühəndis İnstitutunda təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onlara peşəkar mütəxəssislər kimi yetişməsində tövsiyələrini verib.
Belarus FHN-də olan nümayəndə heyəti qurumun iş prosesini izləyib, Təkmilləşdirmə İnstitutunun fəaliyyəti ilə tanış olub.
Qeyd edək ki, yanvarın 19-da Azərbaycan nümayəndə heyəti Belarus FHN-in Komanda Mühəndis İnstitutunda azərbaycanlı kursantların andiçmə mərasimində iştirak edəcək. Səfər yanvarın 19-da başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR