Bank Of Baku

Kosovo problemi və Avropa İttifaqı - TƏHLİL

Kosovo problemi və Avropa İttifaqı - <font color=#FF0000>TƏHLİL</font>
# 21 yanvar 2008 11:05 (UTC +04:00)
Serbiyada seçki kampaniyasının bitəcəyi 3 fevraldan sonra Kosovonun öz müstəqilliyini elan etməsi ehtimalı mövcuddur. Avropa İttifaqının hazırkı sədri, Sloveniyanın baş naziri Yanez Yanşa isə Aİ daxilində Kosovonun tanınması ilə bağlı konkret müzakirələrin aparılmadığını bəyan edib. O, Aİ-nin Kosovo məsələsinə dair vahid mövqe bildirməsinə tərəfdar olduğunu və həmin problem üzündən Balkanlarda yeni müharibənin olmayacağını deyib. Amma əsas çətinlik də elə bundadır. Çünki Aİ ölkələri arasında Kosovo və ümumiyyətlə, ərazi bütövlüyü probleminə müxtəlif yanaşmalar mövcuddur. Dekabrın 14-də keçirilən sammitdən də göründüyü kimi, birliyin onurğa sütununu təşkil edən 4 ölkə - Fransa, Almaniya, İngiltərə və İtaliya, eləcə də bu mövqeni dəstəkləyən digər ölkələr Kosovonun Serbiyadan ayrılması və müstəqil dövlətə çevrilməsinə tərəfdardırlar. Bu ölkələr Kosovonun mümkün istiqlaliyyətini tanımağa hazır olduqlarını açıqlayıblar. Lakin birliyə daxil olan bir sıra dövlətlər “axına qarşı üzməkdə” davam edirlər. Onların sırasına Yunanıstan, Rumıniya, Slovakiya, İspaniya və xüsusilə yunan Kipri daxildir. Əksəriyyətə müxalifətdə duran bu qrup əyalətin BMT Təhlükəsizlik Şurasının qərarı olmadan Serbiyadan ayrılmasının digər regionlardakı separatçılara cəsarət verəcəyini iddia edirlər. Maraqlı haldır ki, bu qrupu hər hansı başqa əlamətinə görə ümumiləşdirmək demək olar ki, mümkünsüzdür. Serbiyanı müdafiə edənləri heç cür Rusiyameylli ölkələr adlandırmaq olmaz. Həmin mövqeni serblərlə pravoslav həmrəyliyinin məntiqi nəticəsi də hesab etmək çətindir: İspaniya və Slovakiya digər qrup ölkələrindən fərqli olaraq, katolik əksəriyyətə malikdirlər. Slavyan millətçiliyinin təntənəsindən isə heç danışmağa dəyməz, çünki Serbiyanın slavyan qonşuları olan Makedoniya, Bosniya və Herseqovina, Bolqarıstan və Xorvatiya arasında demək olar ki, heç kəs Belqrada yaxın mövqe tutmur. Kosovonun müstəqilliyinə məsafəli mövqe tutan Aİ üzvlərini səciyyələndirən yeganə cəhət onların ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə bəslədikləri münasibətdir.
Kipr. Bu ölkə Kosovoya müstəqillik verilməsinin qəti əleyhdarıdır. Buna səbəb 1974-cü il münaqişəsindən sonra yunanların ölkənin şimalında, türklər yaşayan ərazi üzərində nəzarəti itirməsidir. Nikosiya ehtiyat edir ki, Kosovo Şimali Kipr Türk Respublikasının dünya ictimaiyyəti tərəfindən tanınması üçün presedent yarada bilər. Kipr alban-serb danışıqlarının davam etdirilməsinə tərəfdar olan yeganə Aİ ölkəsidir.
Yunanıstan. Afina daha çox Kiprdəki soydaşlarının maraqları üzündən eyni mövqeni tutur. Bununla bərabər yunan həmrəyliyi ilə yanaşı, Yunanıstanın ölkənin şimalındakı Epir bölgəsinin tarixi alban əraziləri sırasına aid edilməsi və regionda alban faktorunun güclənməsinə həssas münasibəti də bu məsələdə önəmli rol oynayır.
Slovakiya. Macar azlığının əhalinin 10 faizini təşkil etdiyi Slovakiya cənub ərazilərində fəal olan separatçı meyllərin güclənəcəyindən ehtiyatlanır.
Rumıniya. Buxarest və Bratislavanın maraqları və arqumentlərində böyük bənzərlik var. Çünki tarixi Transilvaniya bölgəsinə olan bir sıra iddialar Buxaresti həssas davranmağa vadar edir. Bu ölkədə hələ də 1,4 milyon macar yaşamaqdadır.
İspaniya. Ərazisində müxtəlif etnik azlıqların yaşadığı və regional mərkəzdənqaçma meyllərindən əziyyət çəkən Madrid terror və separatizm fenomenlərinə qarşı ənənəvi mövqe nümayiş etdirir. Kosovoda baş verənlər dolayısı ilə Bask bölgəsi və Kataloniya üzərində təsirə malik ola bilər.
Qeyd etdiyimiz “düşərgə” Polşa və Bolqarıstan tərəfindən də simpatiya ilə qarşılanır. İtaliyanın bir sıra siyasi dairələri də bu kimi fikirlərə müsbət baxır.
Kosovo presedentini dəstəkləyən ölkələr arasında isə Macarıstan və Makedoniyanı fərqləndirmək gərəkdir. Alban millətçiləri kimi, macar ifratçıları Macarıstanı bölünmüş ölkə hesab edir və 1918-ci ildə ərazisi Rumıniya, Serbiya, Çexoslovakiya və s. arasında paylaşılmış Avstriya-Macarıstan krallığını nostalji ilə xatırlayır, Macarıstan krallarının tarixi 7 iqamətgahından yalnız birinin Budapeştin müasir sərhədlər daxilində qaldığını vurğulayırlar. Digər tərəfdən, nəzərə alsaq ki, Serbiyanın ikinci muxtar qurumu olan Voyevodinada macar azlığı mövcuddur və bu xalq muxtariyyət əhalisinin 14 faizini təşkil edir, onda vəziyyətə bir qədər də fərqli baxmaq olar.
Albanlara görə isə onların tarixi torpaqları qonşuları Serbiya, Çernoqoriya, Makedoniya və Yunanıstan tərəfindən mənimsənilib. 1998-99-cu illər münaqişəsindən sonra Kosovo ilə sərhəd serb bölgələrində - Preşevo və Buyenovatsda məskunlaşmış albanlar arasında da bənzər meyllər meydana çıxdı, lakin beynəlxalq ictimaiyyətin dəstəyini əldə edə bilmədi.
Makedoniyada isə alban azlığı əhalinin 25 faizini təşkil edir. 2001-ci ildə baş vermiş etnik toqquşmalardan sonra Aİ və ABŞ-ın təzyiqi altında slavyan makedoniyalılar güzəştə getdilər və albanlar dövlətin idarəsində geniş hüquqlar əldə etmiş oldular. Ona görə də bu gün Makedoniya əslində eyni etnik mənşəyə və dinə mənsub olduğu Serbiya ilə həmrəy olsa da, başının üzərindəki “Domokl qılıncı” - alban separatçılığı üzündən Kosovonun müstəqilliyinə tərəfdar çıxır. Digər tərəfdən, Skopye Avropanın əleyhinə getməsinin sonradan onun Aİ və NATO-ya inteqrasiya səyləri üzərində neqativ təsir yaradacağından qorxur. Dekabrın 20-də Makedoniya parlamentinin rəhbəri Lyubitsa Georgievski bəyan edib ki, Kosovo üçün ən uyğun variant BMT vasitəçisi Martti Ahtisaarinin əyalətə müstəqillik verilməsini nəzərdə tutan plandır. Serbiyanın müdafiə naziri Draqan Şutanovats isə deyib ki, onun ölkəsi Makedoniyanın Kosovonun müstəqilliyini tanıyacağı təqdirdə, bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək fikrində deyil, amma Skopyenin bu addımı atacaq ilk ölkə olacağına inanmır.
Doğrudan da, Kosovo birtərəfli şəkildə istiqlaliyyətini elan edərsə, Serbiya hansı tədbirlər həyata keçirmək fikrindədir? Serbiya hökuməti yanvarın 14-də bu barədə xüsusi plan qəbul edib. Serbiyanın Kosovo üzrə naziri Slobodan Samarciç qəbul olunan plan məxfi xarakter daşıdığından onun ictimaiyyətə açıqlanmayacağını bəyan edib. Serbiya hökumətinin verdiyi açıqlamada isə planın Nazirlər Kabinetinin fövqəladə iclasında qəbul olunduğu bildirilib. Plan ölkə parlamentinin qəbul etdiyi “suverenlik, ərazi bütövlüyü və konstitusional quruluşun qorunması” prinsiplərinə uyğundur. Sənəddə “Serbiyanın ayrılmaz parçası olan Kosovo”nun müdafiə olunması kompromis əldə edilənə qədər dövlət qurumlarının prioritet sahəsi elan olunur. Qeyd edək ki, Serbiya rəsmiləri Kosovonu tanıyacaq ölkələrlə diplomatik münasibətlərin kəsilməsini istisna etmədiklərini açıqlayıblar. Mətbuatda çıxan xəbərlərə görə, mümkün sanksiyalar sırasında Kosovo albanlarına qarşı iqtisadi embarqo, səyahət məhdudlaşdırmaları tətbiq edilməsi və Qərbi Avropaya yolun daha da uzadılması nəzərdə tutulur. Bundan başqa Kosovo Enerji Qurumunun enerji aldığı yeganə yer olan Serbiya əyalətin elektrik təchizatını dayandıra da bilər.
Nə qədər paradoksal olsa da, bütün resurslarını separatçılıqla mübarizəyə həsr etmiş Belqrad son nəticədə özü bu fenomenə müraciət etmək məcburiyyətində qala bilər. Belə ki, Serbiyanın qeyri-rəsmi rıçaqlarından biri Bosniya və Herseqovina Federasiyasını təşkil edən iki qurumdan biri olan Serb Respublikasında separatçı hərəkatın alovlanmasına rəvac verilməsidir. Kosovonun özündə hələ də əhəmiyyətli dərəcədə serb azlığı yaşayır. Amma əsas problem 130 minlik serb icmasının yalnız 40 min nəfərinin kompakt şəkildə əyalətin şimalındakı Mitrovitsa bölgəsində cəmləşməsidir. Bu isə Kosovoya qarşı separatçı əks-hücumun həcmini məhdudlaşdırır.
Vəziyyət onu göstərir ki, Belqrad durumu çox gözəl anlayır və yalnız Rusiyanın dəstəyi ilə kifayətlənməyərək Avropanın daxili separatizm qorxuları üzərində manevr etməyə çalışır. Serb rəsmilərindən birinin dediyi kimi, Belqrad “Brüssel və Vaşinqtonun Serbiyanın bölünməsinin şok yaradacağını dərk etməkdə olduqlarına ümid bəsləyir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR