Bank Of Baku

Qənirə Paşayeva Avropa Şurasını Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qəsdən yanğınlar törətməsinə lazımi reaksiya verməməkdə qınayıb

Qənirə Paşayeva Avropa Şurasını Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qəsdən yanğınlar törətməsinə lazımi reaksiya verməməkdə qınayıb
# 23 yanvar 2008 09:50 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının iclasındakı çıxışında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. Millət vəkili Ermənistanın qəsdən törətdiyi kütləvi yanğınların video və peyk görüntülərinin təqdim olunmasına baxmayaraq, təşkilatın buna sərt reaksiya vermədiyini qeyd edib: “Minlərlə hektar ərazi, yaşıllıq yanaraq məhv oldu, flora və faunaya çox ciddi ziyan dəydi. Bu kütləvi yanğınlar təkcə Azərbaycanın deyil, eyni zamanda Avropanın da ekologiyasına ciddi zərbə deməkdir. Bundan başqa, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 20 faiz torpaqlarında neçə illərdir, meşələrin kütləvi şəkildə qırılaraq xammal kimi xarici ölkələrə satılması prosesi gedir”. Assambleyadan Azərbaycanın işğal altında olan ərazilərində baş verən bu cür ekoloji fəlakətlərin qarşısının alınmasında ciddi səylər ortaya qoymasını gözlədiklərini qeyd edən Q. Paşayeva AŞ PA-nın xüsusilə üzv ölkələr tərəfindən törədilən bu cür hadisələrə sərt reaksiya verməli, onun qarşısını almaq üçün mexanizmlərə əl atmalı olduğunu vurğulayıb. O, Azərbaycanın içməli su ehtiyatlarının qorunması sahəsində də ciddi problemlərlə üzləşdiyini, ölkənin içməli su ehtiyatlarının böyük bir hissəsinin Ermənistanın işğal etdiyi ərazilərin payına düşdüyünü diqqətə çatdırıb: “Digər ağır problem isə ondan ibarətdir ki, Ermənistan öz ərazisindən keçərək Azərbaycana gələn və ölkəmizin içməli su ehtiyatlarının böyük bir hissəsini formalaşdıran çaylara artıq neçə illərdir ki, kimyəvi, bioloji və digər zərərli tullantıları zərərsizləşdirmədən axıtmaqda davam edir”. Azərbaycanın bu məsələni müxtəlif beynəlxalq təşkilatlarda dəfələrlə qaldırmasına, o cümlədən AŞ Nazirlər Komitəsinə yazılı müraciət edərək bütün faktları təqdim etməsinə baxmayaraq, indiyədək lazımi reaksiya göstərilmədiyini qeyd edən millət vəkili Ermənistanın transsərhəd suların mühafizəsinə dair konvensiyanı ratifikasiya etmədiyini də xatırladıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR