Bank Of Baku

Partiya sədri 20-dək müxalifət partiyasının yaratmaq istədiyi qurumun Mərkəzi Seçki Komissiyası adlandırılmasını istəyir

Partiya sədri 20-dək müxalifət partiyasının yaratmaq istədiyi qurumun Mərkəzi Seçki Komissiyası adlandırılmasını istəyir
# 25 yanvar 2008 16:15 (UTC +04:00)
Prezident seçkisi öncəsi birgə fəaliyyət göstərməklə bağlı saziş imzalayan 20-yə yaxın müxalifət partiyası arasında məşvərət xarakterli qurumun yaradılması məsələsində fikir ayrılığı yaranıb. Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov APA-ya bildirib ki, məşvərət xarakterli qurum seçkiqabağı mühitin dəyişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Quruma üzv olan partiyaların seçki zamanı fərdi fəaliyyət göstərməsinə isə məhdudiyyət qoyulmayacaq. İ. Həmidov belə qurumun yaradılmasına öncə etiraz etdiyini də deyib: “Narazı olanlardan biri də mən idim. Amma yola gətirdilər. Yanvarın 30-da keçirilən yığıncaqda isə qurumla bağlı müzakirələr aparılacaq. Məncə, qurumun adı Mərkəzi Seçki Komissiyası olmalıdır”.
Sazişə imza atan Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımov isə hər hansı birlik çərçivəsində əməkdaşlığı məqsədəuyğun hesab etmədiklərini söyləyib: “İndiki mərhələdə hərəkatın hansısa blokda iştirak etməsinə lüzum görmürəm. Ümumi əməkdaşlığa və fikir mübadiləsinə isə hazırıq. Digər tərəfdən, son 16 ildə belə qurumların fəaliyyəti nəticəsiz olub”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bu məsələdə optimist mövqedən çıxış edib: “Qurumun fəaliyyət istiqaməti müzakirələr nəticəsində bəlli olacaq. Əlbəttə, qurum yaradılarkən partiyalar arasında həm seyrəlmə, həm də artma ola bilər. Hər halda, bu, bizim ümumi işimizə mane olmayacaq. Qurumun adını da həmin müzakirələrdə iştirak edən partiyalar müəyyənləşdirəcək. Məşvərət xarakterli qurumun adı o qədər də önəmli deyil. Hamının bir araya gəlməsinə imkan yaradacaq ad tapılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR