Bank Of Baku

Azərbaycan Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Azərbaycan Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
# 26 yanvar 2008 11:56 (UTC +04:00)
Kollegiyada məruzə ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, 2007-ci il Azərbaycan üçün mühüm hadisələrlə zəngin olub, qarşıdakı vəzifələr digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Nazir Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində, respublikanın 28 rayonunda və Naxçıvanda cinayətkarlığın azalmasının müşahidə olunduğunu, 2006-cı illə müqayisədə ağır cinayətlər, o cümlədən qəsdən adamöldürmə, qəsdən sağlamlığa zərərvurma, oğurluq, soyğunçuluq, quldurluq və avtonəqliyyatın qaçırılması hallarının azaldığını, adamları girov götürmə və banditizm kimi cinayətlərin isə, ümumiyyətlə, qeydə alınmadığını bildirib. R. Usubovun sözlərinə görə, ötən illərlə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 133, insan alveri ilə əlaqədar 47, qaçaqmalçılıq üzrə 16, dələduzluq bağlı 30, korrupsiya cinayətləri üzrə 5 fakt çox müəyyən edilib. Hesabat ilində cinayətlərin açılmasının ümumilikdə 92,2% olduğunu deyən R. Usubov bağlı qalmış cinayətlərin sayının 10,3% azaldığını qeyd edib: “Prokurorluq orqanları ilə birlikdə son 20 ildən bəri bağlı qalmış cinayətlərdən 410-nun açılması təmin olunub, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növləri, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiyaya qarşı aparılan əməliyyat tədbirləri nəticəsində 638 ağır və xüsusi ilə ağır cinayət törətmiş 872 nəfərdən ibarət 238 cinayətkar qrup zərərsizləşdirilib. Bu növ cinayətlərin sayı 7,7 faiz azalıb. Ölkə üzrə təqsirləndirilən şəxslərin 72,1%-i tutulub, 2006-cı illə müqayisədə axtarışda olanların sayı 10,5 faiz azalıb”. R. Usubov bildirib ki, insan alveri cinayəti ilə bağlı 283 cinayət faktı aşkarlanaraq, 300 nəfər məsuliyyətə cəlb olunub. Bu, 2006-cı illə müqayisədə 34,1% çoxdur. İnsan alveri ilə bağlı 85 nəfərdən ibarət 33 qrup zərərsizləşdirib, cinayətlərin qurbanı olan 101 şəxs müəyyən edilib, 206 cinayət faktı üzrə 198 nəfər məsuliyyətə cəlb olunub. R. Usubov hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi, yayılması və tranzit daşınmasının qarşısının alınmasına diqqət yetirildiyini, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 336,7 kiloqram narkotik vasitə götürüldüyünü deyib. Ötən il istintaqı tamamlanmış cinayət işləri üzrə dəymiş 15 milyon 325 min manat maddi ziyandan 85,1 faizinin ödətdirilməsi təmin olunub. Ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 2,9% azalaraq 3104 fakt təşkil edib. Hadisələr nəticəsində yaralananların sayı 4,2 faiz azalaraq 3432 nəfər olsa da, həlak olanların sayı 80 nəfər artaraq 1107 olub. Qanunsuz miqrasiyanın qarşısının alınması məqsədi ilə müvafiq sənədləri olmayan 990 əcnəbi saxlanılıb, onların 632-i ölkə hüdudlarından kənara çıxarılıb. Nazir əvvəlki illərdə olduğu kimi, 2007-ci ildə də Azərbaycanın cinayətkarlığın səviyyəsinə görə, MDB və Şərqi Avropada təhlükəsiz və sabit ölkələrdən biri olaraq qaldığını vurğulayıb. Sonra Prezidentin İcra Aparatının Hüquq-Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edib. Şöbə müdiri daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyinin təmin edilməsi, vətəndaşlarının müraciətlərinə baxılması istiqamətində görülən işləri müsbət qiymətləndirib. Müzakirələrdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və başqaları çıxış edərək hesabat dövründə görülən işlərdən və yol verilmiş nöqsanlardan danışıblar, çatışmazlıqların cari ilin birinci rübündə aradan qaldırılması üçün tədbirlər görəcəklərini bildiriblər. Kollegiyanın sonunda R. Usubov daxili işlər orqanlarının fəaliyyətini qənaətbəxş olduğunu söyləyərək, bir sıra nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR