Bank Of Baku

Müsavatın Gənclər Təşkilatının keçmiş sədri partiya rəhbərliyini saxtakarlıqda ittiham edir

Müsavatın Gənclər Təşkilatının  keçmiş sədri partiya rəhbərliyini saxtakarlıqda ittiham edir
# 26 yanvar 2008 12:41 (UTC +04:00)
Müsavat Partiyasının Gənclər Təşkilatının (GT) keçmiş sədri Elnur Məmmədli partiyanın Məclis üzvlərinə müraciət ünvanlayıb. E. Məmmədlinin APA-ya daxil olan müraciətində Müsavatda baş verən arzuolunmaz hadisələrin partiyanın adına başucalığı gətirmədiyi bildirilib. O, müraciətində partiya rəhbərliyindəki bəzi şəxslərin daim Gənclər Təşkilatını nəzarət altına almağa cəhd etdiyini vurğulayaraq, yaranmış vəziyyətdən Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının “məharətlə” istifadə etdiyini də diqqətə çatdırıb: “Arif Hacılı kvorum olmadan Gənclər Şurasının yığıncağını “keçirdi”, Təşkilat Komitəsi yaradaraq konfransın keçirilməsi haqqında qərar verdi. Sonradan həmin qeyri-qanuni iclasın saxta protokolu başqan İsa Qəmbərə də təqdim edildi”. E. Məmmədli buna baxmayaraq, bu saxtakarlığın qarşısının alındığını və İsa Qəmbərin də iştirakı ilə MGT Şurasının səlahiyyətli yığıncağının yenidən keçirildiyini və yeddi nəfərdən ibarət Təşkilat Komitəsi yaradıldığını qeyd edib. O, GT-nin konfransına hazırlıq prosesinin də İsa Qəmbərin nəzarəti altında aparıldığını qeyd edib. Bir sıra rayon təşkilatlarında konfransa hazırlıq iclaslarının keçirilmədiyini və digər səbəbləri əsas gətirən E. Məmmədli konfransın vaxtının iki dəfə dəyişdirildiyini vurğulayıb. Nəhayət, ötən il martın 25-də konfransın keçirildiyini bildirən müraciət müəllifi bu dəfə də Arif Hacılının bilavasitə göstərişi ilə tədbirin keçirilməsini pozmağa cəhd edildiyini vurğulayıb: “Konfransın keçirilməsinə bir gün qalmış Suraxanı, Qubadlı, Gənğə, Oğuz, Neftçala və s. rayon təşkilatlarına zənglər edilərək, konfransın təxirə salındığı bildirib. Həmçinin konfransın keçirildiyi gün mərkəzi qərargahın texniki işçiləri tərəfindən qərargahdakı konfrans zalının açılmasına etiraz edildi və Müsavat Partiyası rəhbərliyinin tapşırığı ilə həmin ərəfədə qərargahda tədbirlərin keçirilməsinə qadağa qoyulduğu bildirildi”. Buna baxmayaraq, E. Məmmədli 114 nəfər nümayəndədən 45-nin iştirakı ilə konfransın baş tutduğunu, Məclisin sədri Sülhəddin Əkbər, MNTK sədri İbrahim İbrahimli və MNTK üzvü Məzahir Məmmədlinin qatıldığı toplantıda yekdilliklə sədr seçildiyini qeyd edib. Amma bundan sonra gənclərin yaşının 29-a endirilməsi bəhanəsinin ortaya atılaraq, təşkilatın yenidən formalaşması barədə Məclisin qərar qəbul etdiyini vurğulayıb. Müraciətdə E. Məmmədli partiya rəhbərliyindəki bəzi şəxslərin çirkin oyuna əl atdığını, onun “Azərbaycan Yolu” Siyasi Hərəkatı ilə yaxın münasibətdə olması barədə şayiələr yaydıqlarını bildirib. Gənclər Təşkilatının formalaşmasında Nizamnamə pozuntularının olduğunu idda edən E. Məmmədli məsələ ilə bağlı Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət etdiyini, lakin heç bir cavab almadığını bildirib: “Liberal dəyərlərə üstünlük verən partiyanın rəhbərliyində təmsil olunan şəxslərin Müsavat Gənclər Təşkilatı ətrafında baş vermiş proseslərdə qeyri-demokratik mövqe tutması təəssüf doğurur”.
Arif Hacılı isə APA-ya açıqlamasında ona qarşı irəli sürülmüş itihamların əsasının olmadığını qeyd edib. Onun sözlərinə görə, gənclik yaşının 29-a endirilməsi ilə bağlı qanunun qüvvəyə minməsindən sonra partiya öz Əsasnaməsində təşkilatın 29 yaşa qədər gənclərdən formalaşdırılması barədə qərar qəbul etdiyini deyib: “Artıq təşkilat 29 yaşa qədər olan gənclərdən qurulub, proses bütövlükdə Məclisin və Divanın qərarları əsasında aparılıb. Burada kimnsə ünvanına haqsız itihamların səslənməsi yersizdir. Çünki bu qərarlar yekdilliklə qəbul olunub və heç bir Nizamnamə pozuntusuna yol verilməyib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR