Bank Of Baku

ABŞ prezidentliyinə namizəd Barak Obamanın xarici siyasət proqramında Azərbaycan və Qafqazla bağlı heç bir müddəa yoxdur - FOTOSESSİYA

ABŞ prezidentliyinə namizəd Barak Obamanın xarici siyasət proqramında Azərbaycan və Qafqazla bağlı heç bir müddəa yoxdur - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 28 yanvar 2008 11:55 (UTC +04:00)
ABŞ-ın Demokratlar Partiyasının bu il fevralın 5-nə təyin olunan partiyadaxili seçkiləri həlledici olmalıdır. Çünki bu seçkilər 20 ştatda eyni gündə keçiriləcək. Tarixən demokratlara meylli ştat sayılan Kaliforniya prezidentlik kürsüsü uğrunda mübarizə aparan namizədlərin diqqətini cəlb edən ən birinci ünvandır. Bunun bir neçə səbəbi var. Əvvəla, ona görə ki, Kaliforniya əhalisinin sayına görə Demokratlar Partiyasının qurultayına ən çox sayda nümayəndə yollayacaq. İkincisi, Kaliforniyada 600 minə yaxın erməni seçicisi qeydə alınıb. ABŞ-ın heç bir ştatında bu qədər erməni yaşamır.
Amerikanın “Qızıl ştatı” adını daşıyan Kaliforniyanın ərazisinə görə Azərbaycandan təxminən 5 dəfə böyük olmasını nəzərə alsaq, onda İllinoys ştatının senatoru, 47 yaşlı Barak Obamanın burada nəyə görə 5 qərargah açmasının səbəbini anlamaq olar. Qərargahlardan ikisi ştatın cənubunda - Los Anceles və San Dieqo şəhərlərində, qalan üçü isə ştatın şimalında - Okland, Sakramento və Palo Alto şəhərlərində fəaliyyət göstərir. Bu şəhərlərdən başqa, Kaliforniyanın digər məntəqələrində də Obamanın qərargahının stasionar məntəqələri var. APA-nın ABŞ bürosunun əməkdaşı bu qərargahlardan biri - Silikon Dərəsinin paytaxtı sayılan San Xose şəhərindəki məntəqədən xüsusi reportaj hazırlayıb.
Barak Obamanın San Xosenin mərkəzi hissəsində qurulan stasionar qərargahı bir müddət əvvəl İspan, yerli Hindu və digər nisbətən kiçik xalqların yazıçılarının kitabxanası olub. Bir ay əvvəl B. Obamanın adamları ofisi icarəyə götürüblər. Ofisə yaxınlaşarkən adamı cənab Obamanın əsas seçki tezisi olan “Dəyişikliklər səninlə başlayır” şüarı qarşılayır. Bu şüarın əks olunduğu plakatlara qərargahın içində də bir neçə yerdə rast gəlinir. Məntəqənin görünən hər tərəfi B. Obamanın şəkilləri və ABŞ bayraqları ilə bəzədilib. Məntəqəyə daxil olan istənilən şəxs B. Obamanın uşaqlığından tutmuş seçki kampaniyasının ən son nəticələrinə kimi əldə etdiyi nailiyyətlərlə tanış ola bilər.
Xüsusi quraşdırılan stenddə senatorun 2008-ci ilin noyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı proqramı əksini tapıb. Proqram çox əhatəlidir və adı seçicini maraqlandıracaq bütün məsələlərə aydınlıq gətirir. Bunların sırasında ABŞ-ın xarici siyasəti, İraq müharibəsi, gənclərlə bağlı siyasət, dini təriqət, qadınların və ispan mənşəli xalqların hüquqları, hətta insanların və heyvanların klonlaşması kimi məsələləri qeyd etmək olar. Maraqlıdır ki, B. Obamanın xarici siyasət proqramında nə Azərbaycan, nə də, ümumiyyətlə, Qafqazla bağlı bir kəlmə var. Lakin potensial prezident ali vəzifəni əldə edəndən sonra hər ay 2 hərbi briqadanı İraqdan çıxararaq, 2008-ci ilin sonuna kimi Amerika əsgərlərini vətənə qaytarmağa söz verir. Eyni zamanda qara dərili namizəd xarici siyasətinin daha bir məqsədi kimi ABŞ-ın xarici nüfuzunun qaldırılmasını prioritet qeyd edib. Nəzərə alsaq ki, B. Obama prezident seçiləcəyi təqdirdə, 2008-ci ilin bitməsinə 3 ay qalacaq və bu müddət ərzində 120 minlik ordunu İraqdan çıxarmaq mümkün olmayacaq, senatorun bəyanatının daha çox populist xarakter daşıdığını anlamaq çətin deyil. Qeyd edək ki, bununla bağlı qərargahda verilən suallara cavab verən olmadı. B. Obamanın xeyrinə yerləşdirilən məlumatlar arasında San Xose şəhərindən Konqresin Aşağı Palatasına seçilən konqresmen Zoe Lofgrenin dəstək məktubuna rast gəlmək olar. Qeyd edək ki, Konqresmenlər və digər məşhur simaların namizədləri dəstəkləməsi ABŞ-da seçki ənənələrindən biridir. Cənab Lofgrenin məktubunda diqqəti çəkən əsas məqam isə B. Obamanın nailiyyətlərini qabartmaqla yanaşı, onun Demokratlar Partiyasından olan əsas rəqibi H. Klintonu bizim dillə desək, qaralamaq istəyidir. Konqresmen məktubunda bildirir ki, B. Obama Konqresdə H. Klintondan daha uzun müddət fəaliyyət göstərib və Con Kennedinin prezident yaşından 5 yaş böyükdür (C. Kennedi 42 yaşında prezident seçilib-red.). Bu faktlar H. Klintonun rəqibinin cavan və təcrübəsiz olması barədə dəfələrlə səsləndirdiyi bəyanatlara cavab xarakteri daşıyır. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, B. Obamanın qərargahında respublikaçı namizədlərdən çox H. Klintona mənfi münasibət diqqəti cəlb edir. Qərargahdakı könüllülər açıq şəkildə xanım Klintonun ünvanına “müasir dövrün faşisti”, “Corc Buşun liberal versiyası” və “böyük korporasiyaların kuklası” kimi epitetlər səsləndirirlər.
Qərargahda çalışanlara gəldikdə, onların hamısı könüllülərdir. Könüllülərin dəqiq sayını isə heç kim bilmir, onların heç dəqiq proqramı və strategiyası da yoxdur. Mümkün qədər çox insanla görüşmək və onlara zəng etmək əsas məqsəddir. Ona görə də qərargahda quraşdırılmış xeyli sayta telefon aparatı boş dayanmır. Könüllülərin hər biri orta hesabla hər gün 100 nəfərə zəng etdiklərini deyir. Onların işi axşam saatlarında başlayır, çünki bu vaxt potensial seçicilərin evdə olmaq şansı daha yüksəkdir. Demokratların hər bir ştat üzrə partiyanı dəstəkləyən seçicilərinin ev ünvanları və telefon nömrələri də var. Onların insanlarla görüşdə çatdırdıqları ən vacib mesaj isə “Amerikanı Barak Obama dəyişməyəcək, o sizlərə, xüsusən də cavanlara şərait yaradacaq ki, bu dəyişiklikləri edəsiniz” şüarıdır. Qeyd edək ki, bu şüar vaxtı ilə Con Kennedinin istifadə etdiyi tezisdir. Yerli gəlmişkən, B. Obama imkan düşdükcə, özünü C. Kennedi ilə müqayisə etməyə çalışır.
Qərargahda çalışan məktəb müəlliməsi Helen Sims B. Obamaya sevgisini bununla izah edir ki, o, H. Klintondan fərqli olaraq böyük korporasiyalardan maddi ianələr almır və sıravi amerikanların nə istədiyini anlayır. Onun bunu hardan bildiyini soruşanda isə deyir ki, B. Obama gənclik illərində Harvard Universitetinin hüquq fakültəsinə daxil olmazdan əvvəl böyük korporasiyalarda deyil, Çikaqonun qara dərili kasıblar təbəqəsinin cəmləşdiyi cənub hissəsində pulsuz hüquqi məsləhətlər verib. Xanım Sims məhz B. Obamanın Ağ Evə yeni nəfəs gətirəcəyinə inanır. Bundan başqa, könüllü bildirdi ki, xanım Klinton seçki marafonunda çıxış edəndə arxasında duran insanların hamısı Bill Klintonun dövründə yüksək postlar tutanlardır. “Mən isə siyasətdə köhnə simaları görməkdən təngə gəlmişəm”, - deyə H. Sims vurğuladı.
San Xose Dövlət Universitetində psixologiyanı öyrənən 22 yaşlı Teylor Vud isə elm ocağının B. Obamaya dəstək verən icmasının rəhbəridir. O, ötən il senatorun “Ümidin cəsarəti” kitabını oxuduqdan sonra onu dəstəkləmək qərarına gəlib. Cənab Vud hesab edir ki, senator Obama digər siyasətçilərdən fərqli olaraq çox səmimi insandır və heç vaxt öz mövqeyini dəyişmir. Gənc tələbə immiqrasiya, İraq müharibəsi, xüsusən də Darfurda (Sudan) baş verən genosidlə bağlı Barak Obamanın mövqeyini alqışladığını deyir. Bəs qondarma “erməni soyqırımı” ilə bağlı senatorun verdiyi son bəyanata onun münasibəti necədir? T. Vud deyir ki, heç vaxt qondarma “erməni soyqırımı” barədə eşitməyib. Eyni sözləri qərargahda söhbətləşdiyim digər könüllülər də təkrarladı. Yalnız qərargaha rəhbərlik edən Jizel Şmitz deyir ki, 1915-ci il hadisələri barədə ordan-burdan eşidib. Lakin o da həmin hadisələr vaxtı kimin kimlə vuruşmasından xəbərsizdir. B. Obamanın qondarma “erməni soyqırımı”nı dəstəkləməsi barədə son bəyanatı barədə də onlar məndən xəbər tutdular. Xanım Şmitz Kaliforniyanın şimalında ermənilərin yaşamasına baxmayaraq, onlara xüsusi marağın olmadığını söyləyir. Daha çox diqqət yetirilən təbəqə isə ispan dilli seçicilərdir. Buna görə də qərargahda ispan dilində danışan yerli könüllülər işləyir. Onların fikrincə, məhz ştat əhalisinin 36 faizi, yəni 12.5 milyon ispan dilli seçicisi Kaliforniyada vəziyyəti qara dərili Obamanın xeyrinə dəyişə bilər. Ən son sorğulara görə isə Kaliforniyanın 42 faiz seçicisi H. Klintona, 28 faizi Barak Obamaya, 13 faizi isə Con Edvardsa səs verəcək. /APA/









































1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR