Bank Of Baku

Burzu Əliyev: “Ukrayna-Azərbaycan hökumətlərarası əlaqələrinin inkişafında əlimdən gələni edəcəyəm” - EKSKLÜZİV

Burzu Əliyev: “Ukrayna-Azərbaycan hökumətlərarası əlaqələrinin inkişafında əlimdən gələni edəcəyəm” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 18 fevral 2008 09:54 (UTC +04:00)
Dosye: Burzu Xanqulu oğlu Əliyev 1965-ci ildə Azərbaycanın Ağdam rayonunda anadan olub. 1993-cü ildə Kiyev Politexnik İnstitutunun informatika və hesablama maşınları fakültəsini, 1999-cu ildə Kiyev Magellan Akademiyasının Beynəlxalq Biznes Məktəbini bitirib. Beynəlxalq iqtisadçıdır. Ukraynanın “ACME” şirkətinin maliyyə departamentinin rəhbəri vəzifəsində çalışıb. Bu il fevralın 13-də Ukraynanın yanacaq və energetika nazirinin müavini təyin edilib. Ailəlidir, iki övladı var.

- Ukraynaya nə vaxt köçmüsünüz?
- 1983-cü ildə bu ölkəyə hərbi xidmətə gəldim. Daha sonra burda qalıb, ali təhsil almağa qərar verdim. 1993-cü ildə Kiyev Politexnik İnstitutunun informatika və hesablama maşınları fakültəsini bitirdim. 1999-cu ildə isə Ukraynanın ən qədim təhsil ocağı olan Kiyev Magellan Akademiyasının Beynəlxalq Biznes Məktəbini bitirərək, beynəlxalq iqtisadçı ixtisasına yiyələndim. Burda təyinat aldım, işim, karyeram oldu, ailə həyatı qurdum. Bir də gördüm ki, artıq ukraynalıyam. Hər halda, bu, bir alın yazısıdır.
- Karyeranıza necə başlamısınız?
- Burda tələbə vaxtından işləmişəm. Vaqonlardan yük boşaldırdım, çünki yaxşı oxuduğum kimi, yaxşı da geyinmək istəyirdim. İnstitutu bitirəndən sonra isə ixtisasım üzrə ən müxtəlif vəzifələrdə çalışmışam. Deyə bilərəm ki, öz sahəmdə peşəkaram. Mən Ukrayna torpağına ayaq qoyandan özümü bu ölkənin vətəndaşı saymışam. Sevinirəm ki, müstəqil Ukraynanın ilk vətəndaşlarından biri də mən olmuşam.
- “Bizim Ukrayna” Partiyasına nə vaxt qoşulmusunuz? Prezident Viktor Yuşşenko ilə şəxsi tanışlığınız varmı?
- Prezident Viktor Yuşşenko ilə qiyabi tanışam, mən onu təbii ki, dövlət başçısı kimi tanıyıram, o da mənim iş adamı olduğumdan xəbərdardır. Mən hələlik heç bir partiyanın üzvü deyiləm, amma “Bizim Ukrayna” Partiyası ilə çoxdan əməkdaşlıq edirəm.
- Vəzifəyə təyinatınız necə gerçəkləşdi? Bu postu Sizə kim təklif etdi?
- Ötən il parlament seçkilərində “Bizim Ukrayna Xalq Özünümüdafiə” Blokundan namizədliyim irəli sürülmüşdü. Parlament seçkilərindən sonra bu blok hazırkı baş nazir Yuliya Timoşenkonun partiyası ilə parlament seçkilərindən sonra koalisiya yaratdı və yeni hökumət qurdu. Mənə də yeni hökumətdə təmsil olunmaq təklif olundu və razılaşdım.
- Nazir müavini kimi Ukrayna ilə Azərbaycanın daha da yaxınlaşması üçün hansı addımları atmağı düşünürsünüz?
- Ukrayna və Azərbaycanın xalqları bir-birinə çox yaxındır. Ukrayna o ölkələrdəndir ki, Azərbaycana münasibəti birmənalıdır. Üstəlik, GUAM çərçivəsində bu ölkələr sıx əməkdaşlıq edir. Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna ərazisində neft emalı zavodunun tikilməsi ideyası çox müsbət qarşılanıb. Mən hələ yenicə vəzifəmin icrasına başlamışam, düzü, əhatə edəcəyim sahələrə hələ yaxşı bələd deyiləm, ona görə də indi heç nə vəd edə bilmirəm. Mən 21 departamentə məsulam. Bu, olduqca ağır yükdür. Bircə onu deyə bilərəm ki, Ukrayna-Azərbaycan hökumətlərarası əlaqələrinin inkişafında əlimdən gələni edəcəyəm.
- Prezident Yuşşenko bu günlərdə çıxışında Qara dəniz regionu ölkələrinin əməkdaşlığında “dondurulmuş münaqişələr”in həllinin vacib olduğunu bildirib. Belə münaqişələrdən biri də Dağlıq Qarabağ müharibəsidir. Siz bu münaqişənin həllini necə təsəvvür edirsiniz?
- Azərbaycan regionda xüsusi çəkisi olan ölkədir. Şərqi Avropada bu ölkə Qafqazın lideri kimi tanınır. Müasir dünya iqtisadi inkişaf dünyasıdır. Azərbaycan məhz bu yolu tutub. Azərbaycan iqtisadi cəhətdən gücləndikcə onun ordusu da güclənəcək. Bu baxımdan, Azərbaycan prezidentinin apardığı siyasət doğrudur, mən onun mövqeyini dəstəkləyirəm.
- Odessa-Brodı-Plotsk-Qdansk boru kəmərinin inşası layihəsinin Ukrayna və ümumilikdə Avropa üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Yüksək qiymətləndirirəm. Ukrayna bir Şərqi Avropa ölkəsidir. Bu cür layihələr onun Qərbi Avropa standartlarına yaxınlaşmağına kömək edəcək.
- Bu kəmərlə Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan neftinin də daşınması üçün hansı arqumentlərdən istifadə oluna bilər?
- Açığı, bu suala cavab verməyə hələ hazır deyiləm. Bir Ukrayna məmuru kimi Qazaxıstanın bu layihədə təmsil olunması üçün əlimdən gələni edəcəyəm.
- Azərbaycanla bu gün əlaqələriniz necədir? Vətəndə dostlarınız varmı?
- Azərbaycanın bütün vətəndaşları mənim dostlarımdır. Təyinatımla bağlı məni təbrik edən bütün soydaşlarıma təşəkkürümü bildirirəm. Doğma Vətənimlə bağlı bütün informasiyaları izləyirəm. Evimdə Azərbaycan telekanallarına baxmaq imkanım var. Dünya Azərbaycanlılarının I qurultayının nümayəndəsi, II qurultayının fəxri qonağı olmuşam. Azərbaycanın iqtisadi, siyasi inkişafı məni çox sevindirir.
- Eşitdiyimizə görə, muğamı çox sevirsiniz. Evdə, maşında daim muğama qulaq asırsınız...
- Görünür, bu sevgi mənə doğulduğum torpaqdan keçib. Muğamı dünya musiqisinin incisi sayıram. Sevmədiyim muğam ustası yoxdur, hətta Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqələrinin bütün proqramlarını izləyirdim. Unudulmaz xanəndə Səxavət Məmmədovun iki diskini Kiyevdə çıxartmışam, payıza qədər isə bütün ifalarını toplu halında nəşr etmək fikrim var. Bu, Səxavətin 55 illik yubileyinə bir hədiyyə olacaq. Azərbaycan ədəbiyyatı ilə də maraqlanmağa vaxt tapıram. Bir vaxtlar Bəxtiyar Vahabzadənin şeirlərini əzbər bilirdim. Hazırda Qulu Ağsəsin “Toçki” şeirlər kitabını oxuyuram. Buradakı həmkarlarıma da onun kitabını paylamışam.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR